×
A
A
A
Sazlamalar

Şəhid ailələri, qazilər və sağlamlıq imkanları məhdud olan şəxslər üçün iftar süfrəsi təşkil edilib

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 15-də "Biz Bir Ailəyik" Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) könüllü dəstəyi ilə şəhid ailələri, qazilər, sağlamlıq imkanları məhdud olan şəxslər üçün iftar süfrəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən Dövlət Himnimizin işarət dilində ifa edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən təşkilatın sədri, UNEC THİK-nin sədr müavini Günay Ağazadə dövlət siyasətində sosial islahatların xüsusi yer tutduğunu, həssas təbəqəyə dəstək, onların problemlərinin həlli məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildirib. Qeyd olunub ki, xüsusilə də əlilliyi olan şəxslərin bacarıqlarının üzə çıxarılması, mədəni istirahətinin təşkili üçün görülən tədbirlər nəticəsində həmin qəbildən olan vətəndaşlarımızın cəmiyyətə adaptasiyası istiqamətində müsbət nəticələr əldə olunub.
Təşkilat sədri belə bir ayda əlilliyi olan vətəndaşlarla bir araya gəlməyin də mənəvi dəstəyin bir nümunəsi olduğunu diqqətə çatdırıb.
“Ramazan ayı digər aylar içərisində seçilən və Allahın mərhəmət qapılarının daha çox açıq olduğu ay kimi tanınır. Hər kəs bu müqəddəs ay ərzində savab əməllər etməyə, cəmiyyətə daha çox fayda verməyə və Ramazanın fəzilətlərindən yararlanmağa çalışır. Təşkilat olaraq biz də bu gözəl ayın bir günündə şəhid ailələri, qazilər və sağlamlıq imkanları məhdud olan vətəndaşlarla iftar süfrəsi ətrafında toplaşmağı qərara aldıq. Şəfqət dolu bir ayda həssas təbəqədən olan vətəndaşlarımızla bir arada olmaqdan çox məmnunuq. Arzu edirik ki, hər zaman Vətənimizin xoş günlərini birlikdə təmtəraqlı şəkildə qeyd edək", - deyə G.Ağazadə qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əhmədova, 1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov Ramazan ayının insanların nəfsi ilə imtahan olunduğunu, müsəlmanların bu ayın fürsətlərindən yararlanmaq üçün xeyir əməllər, ibadətlər, dualar etdiyini, müxtəlif qurumlar, fərdi şəxslər tərəfindən aztəminatlı ailələr, həssas təbəqədən olan vətəndaşlar üçün iftar süfrələri açıldığını, xəstələrin, kimsəsizlərin daha çox ziyarət olunduğunu diqqətə çatdırıblar. Çıxış edənlər oruc tutanlara Allahdan ibadətlərinin qəbul edilməsini diləyib, xalqımıza əmin-amanlıq, ruzi-bərəkət, şəhidlərimizə rəhmət, qazilərə şəfa, sağlamlıq imkanları məhdud şəxslərə, o cümlədən əlində silah Vətən keşiyini çəkən hərbi qulluqçulara cansağlığı arzulayıblar.
Tədbir bədii hissə ilə davam edib. Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistlərinin, o cümlədən sağlamlıq imkanları məhdud gənclərin ifasında vətənpərvərlik mahnıları, həmçinin şeirlər səsləndirilib.

 

Sosial 2023-04-15 23:59:00