×
A
A
A
Sazlamalar

Həyasız əməllərindən əl çəkməyən ermənilər hər təxribatlarında dəmir yumruğun ağır zərbəsinə məruz qalırlar

Bakı, 15 aprel, AZƏRTAC

Ali Baş Komandan Prezident İlham Əliyevin ordumuzun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu yenilməz, peşəkar və qüdrətlidir.
İstər Aprel döyüşləri, istər 44 günlük Vətən müharibəsi, istərsə də ermənilərin məğlubiyyəti qəbul etməyərək müharibədən sonra törətdikləri təxribatlara verilən layiqli cavablar onu göstərir ki, Azərbaycan Ordusu istənilən zaman düşmənin çirkin əməllərinə qarşılıq olaraq adekvat tədbirlər görməyə qadirdir.
Bunu AZƏRTAC-a müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsi qazisi Rəşad Novruzov deyib.
Həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısı olan qazinin sözlərinə görə, ermənilər hər təxribata əl atdıqca heç nə əldə edə bilməyib, əksinə əllərində olanı da itiriblər: “Aprel döyüşlərində uydurma xəyallarının ardınca irəli atılan Ermənistan ordusu sözün əsl mənasında suyu süzülə-süzülə geri qayıtdı. Vətən müharibəsi də məhz qarşı tərəfin təxribatına cavab olaraq başladı. Budəfəki məkrli niyyət onlara çox baha başa gəldi. 44 gün ərzində Şuşaya bayraq sancılması onlar üçün əsl sürpriz oldu. Görünür ki, üzləşdikləri biabırçılıqlar, uğradıqları məğlubiyyətlər onlara hələ də dərs olmayıb. Dəfələrlə hiyləgər tülkü kimi ova gəlsələr də, ovlanan özləri olublar. Bir neçə gün əvvəl Ermənistan tərəfinin Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid oldu. İgid qardaşlarımızı itirsək də, onların qanı yerdə qalmadı. Havadarlarının vədlərinə şirniklənən ermənilər xeyli itki verdilər. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bir məsələni xüsusi ilə vurğulamaq istəyirəm ki, həmin insident zamanı Ermənistan xüsusi təyinatlı korpus komandirinin orada olması onu göstərir ki, ordumuzun bölmələrinin atəşə tutulması birbaşa onun əmri ilə olub. Həyasız əməllərindən əl çəkməyən ermənilər hər təxribatlarında dəmir yumruğun ağır zərbəsinə məruz qalırlar. Vandallar unutmasınlar ki, bu torpağın cəsur oğulları Qələbədən sonra nə arxayınlaşmayıb, nə də ayıq-sayıqlığını itirməyib. Hər bir Azərbaycan kişisi müsəlləh əsgər kimi doğma yurdunun keşiyində durmağa, bu müqəddəs amal naminə canını belə verməyə hazırdır”.
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş əsgərlərimizin Ermənistan tərəfindən əsir götürülməsindən də danışan R.Novruzov deyib: “Həmin əsgərlərimizdən birinə verilən işgəncələrin görüntüləri ermənilərin silahsız Azərbaycan hərbi qulluqçusuna qarşı bir növ qorxaqlığının ifadəsidir. Üzbəüz döyüşlərdə məğlub olan ermənilər sanki silahsız əsgərə qarşı etdikləri fiziki təzyiqdən təsəlli alırlar. Azərbaycan ordusunun hərbi qulluqçularının əsir düşən ermənilərin yaralarını sarımaları, onlara qida, su vermələri bütün dünya üçün əsl kişilik və mərhəmət nümunəsidir. Əslində, Xocalı faciəsində südəmər körpəni əzabla öldürən bir millətin nümayəndəsindən insani davranış gözləmək gülünc olardı. Bütün bunlardan savayı, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması faktı mənfur qonşularımızın iç üzünü bir daha göstərdi. Görünür Odlar Yurdunun qəhrəman oğullarının Şuşada yandırdığı Zəfər tonqalının tüstüsü hələ də İrəvandan çəkilməyib. Bu cür davranışlar ermənilərin nə qədər cılız və aciz olduqlarının göstəricisidir”.

Sosial 2023-04-15 16:55:00