×
A
A
A
Sazlamalar

Kaspi liseyinin şagirdləri ətraf mühitin mühafizəsi yolları ilə tanış olublar

Bakı, 15 aprel, AZƏRTAC
Orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, tullantıların düzgün idarə edilməsi prosesinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kaspi liseyində maarifləndirici görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şagirdlərin aktiv iştirak etdiyi görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən onlara təbii sərvətlərin qorunması, tullantılarının düzgün idarə olunması, insan sağlamlığına, ətraf mühitə mənfi təsir göstərən işlənmiş batareyaların zərərləri, ətraf mühitin qorunması sahəsində həyata keçirilən tədbirlər və s. mövzularda geniş informasiya verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində liseyə işlənmiş batareyalar üçün toplama qutusu təqdim edilib. Görüş zamanı şagirdlər topladıqları işlənmiş batareyaları həmin qutuya atıb.
Sonda məktəblilərə ətraf mühitin mühafizəsi ilə bağlı kitablar hədiyyə olunub.

Ekologiya 2023-04-15 16:00:00