×
A
A
A
Sazlamalar

İspaniyalı ekstremal idman həvəskarı 500 gün mağarada qalıb

Bakı, 15 aprel, AZƏRTAC

İspaniyalı 50 yaşlı qadın, ekstremal idman növü ilə məşğul olan Beatris Flamini insanlarla əlaqə saxlamadan 500 gün qaldığı mağaradan çıxıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu, yeni dünya rekordu ola bilər. İl yarım öncə 48 yaşı olan idmançı bütün dünyanın koronavirus pandemiyasından əziyyət çəkdiyi vaxtlarda Qranada şəhəri yaxınlığındakı mağaraya enib. Bu, alimlərin diqqətlə izlədiyi eksperimentin bir hissəsi idi.
“Mən hələ 2021-ci il noyabrın 21-də qalmışam. Ötən müddət ərzində dünyada nələrin baş verdiyindən xəbərsizəm”, - Beatris Flamini mağaradan çıxarkən belə deyib.
O, 70 metr dərinliyi olan mağarada keçirdiyi 500 gün ərzində rəsmlər çəkib, papaqlar toxuyub, 60 kitab oxuyub və idmanla məşğul olub. Susub və yalnız öz-özü ilə danışıb.
Psixoloqlar, həkimlər və speleoloqlar idmançını məsafədən izləyiblər, lakin heç kim onunla birbaşa əlaqə qurmayıb. Alimlər bu eksperimentdən sosial izolyasiyanın və müvəqqəti zaman disoriyentasiyasının insanlar üzərində təsirini öyrənmək üçün istifadə ediblər.

Bu maraqlıdır 2023-04-15 14:18:00