×
A
A
A
Sazlamalar

“EnergyTech” hakatonu başa çatıb

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “EnergyTech” hakatonu başa çatıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hakatonun birinci günündə münsiflər tərəfindən seçilmiş 10 komanda 24 saat ərzində qeyd olunan problemlər üzrə hazırladıqları texniki avadanlıq, mobil tətbiq, eləcə də “hardware” və “software” proqram tətbiqləri üzərində çalışıblar. Mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb sonlandırılması üçün komandalara dəstək göstəriblər.
Rəsmi bağlanış tədbirində komandalar hazırladıqları prototipləri təqdim edərək münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Hakatonda “Platon Tech” komandası 1-ci yerə, “Power smart” 2-ci yerə, “HumanEnergy” komandası isə 3-cü yerə layiq görülüb.
Sonda qalib komandalara mükafatlar təqdim olunub.
Qeyd edək ki, hakatonda martın 13-dən 25-dək müraciət edən 90 iştirakçı arasından seçilən 20 komanda iştirak edib.

 

 

Sosial 2023-04-14 18:42:00