Qax Damazlıq İpəkçilik Stansiyasında 5875 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Bu il respublikanın 41 rayonunda barama yetişdiriləcək
Qax, 13 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə yaş barama istehsalı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 11 min qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) inkubasiyaya qoyulmaq üçün aprelin 13-də axşam Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, inkubasiya olunacaq ipəkqurdu toxumunun məntəqələr üzrə paylanılması bölgüsü ilə maraqlanıb.
Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə respublikanın 41 rayonunda barama yetişdiriləcək. Kümçülərə paylanılması nəzərdə tutulan ipəkqurdu toxumunun 5875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, qalanının isə Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarındakı məntəqələrdə inkubasiyaya qoyulması nəzərdə tutulur.
Direktorun sözlərinə görə, Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumu aprelin 15-dən etibarən inkubasiyaya qoyulacaq. İnkubasiya olunacaq toxumun 2 mərhələdə - aprelin 24-25-də Aran bölgəsi rayonlarının kümçülərinə, aprelin 28-29-da isə dağlıq ərazidə yerləşən rayonların kümçülərinə paylanılması nəzərdə tutulur. Ümumiyyətlə, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunacaq ipəkqurdu toxumu 28 rayonun kümçülərinə paylanılacaq.
Əkrəm Fətəliyev bildirib ki, 2022-ci ildə Qax Damazlıq İpəkçilik Stansiyasında builki mövsümdə kümçülərə paylanılmaq üçün yerli istehsal hesabına 65,4 kiloqram, yəni 2255 qutu elit və sənaye tut ipəkqurdu toxumu da hazırlanıb. Həmin toxumun Bərdə rayonundakı baramaqurutma məntəqəsində inkubasiyaya qoyularaq 7 rayonun kümçülərinə paylanılması nəzərdə tutulur.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb