×
A
A
A
Sazlamalar

Balakəndə tütün əkininə başlanılıb

Balakən, 12 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 150 hektaradək sahədə tütün əkilməsi nəzərdə tutulur. Fermerlər cari təsərrüfat ilində əsasən “Virciniya botaniki” və yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər. Bir neçə gündür təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər rayonun Kortala, Talalar, Sarıbulaq, Şərif, Mahamalar kəndlərinin ərazilərindəki təsərrüfatlarda 21,5 hektar sahəyə tütün şitilləri köçürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə rayonun təsərrüfatlarında “Azərtütün” ASC tərəfindən 73,5 hektar, “Azəri Korporasiyası” tərəfindən 60,5 hektar, “İlham M” MMC tərəfindən 3 hektar, fərdi istehsalçılar tərəfindən isə 13 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 102 hektar sahədən 138 ton quru tütün əldə ediblər.

 

 

Kənd təsərrüfatı 2023-04-12 13:00:00