Qoyunçuluq və arıçılıq təsərrüfatlarının Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsi üçün qeydiyyat başlayıb
Bakı, 11 aprel, AZƏRTAC
Qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın və Kəlbəcər yaylaqlarına aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib. Qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər.
Bu iqtisadi zonalardan olan, 40 və daha artıq arı ailəsinə sahib fermerlərə öz arıçılıq təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürməyə icazə verilir. Yaylaqlara aparılacaq arı ailələri identifikasiya nömrəli (birkalanmış) və EKTİS-də qeydiyyatda olmalıdır.
Eyni kateqoriyadan olan, təsərrüfatlarında 200 başdan artıq xırdabuynuzlu heyvan olan fermerlər də təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər.
Təsərrüfatlarını yaylaqlara köçürmək istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət etməlidir.
Fermerlər Laçın və Kəlbəcər yaylaqlarına təsərrüfatların köçürülməsinə dair əlavə məlumatlarla (qrup üzvlərinin və nəqliyyat vasitələrinin sayı, köç ərəfəsində həyata keçirilməli olan zəruri tədbirlər və s.) https://bit.ly/3MzoOOu linkinə keçid edib tanış ola bilərlər.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb