×
A
A
A
Sazlamalar

Üç ayda Qəbələnin təsərrüfatlarında 2769 baş heyvan süni yolla mayalandırılıb

Qəbələ, 11 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Heyvandarlıq Qəbələ rayonunda əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar sahəyə, o cümlədən heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, damazlıq işinin təşkili və süni mayalandırma tədbirlərinə görə fermerlərə əlavə subsidiyaların ayrılması rayonda bu sahənin inkişafına təkan verib.
Qəbələ Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər heyvandarlar süni mayalandırma ilə inəklərin cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. 2023-cü ilin yanvar-mart aylarında rayonun şəxsi və fermer təsərrüfatlarında 2769 baş heyvan süni yolla mayalandırılıb. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma ilə 1459 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.
Qurumdan verilən məlumata görə, cari ilin birinci rübündə rayonda 1337,4 ton diri çəkidə ət, 8 min 57,1 ton süd, 4 milyon 875 min ədəd yumurta istehsal olunub. Aprelin 1-dək rayonun təsərrüfatlarında 38 min 854 baş iribuynuzlu mal-qara, o cümlədən 19 min 773 baş inək və camış, 133 min 820 baş qoyun və keçi, 765 baş donuz saxlanılıb.

Kənd təsərrüfatı 2023-04-11 17:37:00