×
A
A
A
Sazlamalar

Qəbələ rayonunda azyaşlının ölümü ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb

Bakı, 11 aprel, AZƏRTAC

Ötən il iyulun 28-də Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Qəbələ Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, ibtidai istintaqla “Azərişıq” ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qəbələ Elektrik Şəbəkəsi tərəfindən rayonun Bum qəsəbəsi ərazisində elektrik xətlərinin yenilənməsi işləri aparılarkən Şəbəkənin iş icraçısı və nəzarətçisi Elxan Məmmədyarov baş mühəndis Natiq Əsədovun işlərin tamamlanması görüntüsü yaratmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etməsi, eləcə də səhlənkarlıq edərək xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Aqşin Ağasıyevin elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən olunub.
Natiq Əsədova və Elxan Məmmədyarova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Hadisə 2023-04-11 16:56:00