×
A
A
A
Sazlamalar

Lyuis Hemilton Formula 1-in 17 mövsümü ərzində öyrəndiklərindən danışıb

Bakı, 11 aprel, AZƏRTAC

Formula 1-in yeddiqat dünya çempionu Lyuis Hemilton 17 mövsüm ərzində öyrəndiklərindən söhbət açıb.
AZƏRTAC xəbər verir ki, britaniyalı pilot “Fox Sports Australia” nəşrinə müsahibəsində deyib: “Mən gənc olanda uğursuz yürüşdən sonra insanlara mənimlə ünsiyyət qurmaq çox çətin idi. Çünki mən bir neçə gün çox məyus olurdum. İndi artıq belə vəziyyətin öhdəsindən gəlməyi öyrənmişəm. Bilirəm ki, keçmiş keçmişdə qalıb, onu dəyişmək qeyri-mümkündür. Amma əvəzində gələcəyi dəyişə bilərəm, çünki gələcək mənim hərəkətlərimdən asılıdır. Beləliklə, bu, mənim üçün böyük addım olub.
İndi mən maşını Formula 1-ə gəldiyim ilk vaxtlardakı ilə müqayisədə daha yaxşı başa düşürəm. Əvvəllər ətrafımdakı mühəndislərin ixtiyarında idim. Bütün məsələlər barədə öz fikrimi deyə bilmirdim. Deyə bilmirdim ki, “ay uşaqlar, biz bu istiqamətdə hərəkət etməliyik”. Lakin indi bunu edə bilirəm, çünki maşından mənə lazım olanları dərk edirəm”.

İdman 2023-04-11 12:14:00