×
A
A
A
Sazlamalar

Heyvandarlıq təsərrüfatlarında mövsümi xəstəliklərə qarşı profilaktik tədbirlər – fermerlərə tövsiyə

Gəncə, 10 aprel, Elcan Məmmədov, AZƏRTAC

Yazın gəlişi təbiəti canlandırdığı kimi özü ilə heyvandarlıq təsərrüfatları üçün bir çox problemlər də gətirir. Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq yoluxucu xəstəliklərin intensivləşməsi yaz-payız aylarında daha da yüksəlir. Həmin dövrlərdə rütubətin artması ilə əlaqədar infeksiya törədicilərinin çoxalması üçün təbiətdə münbit şərait yaranır ki, bu da heyvandarlıq təsərrüfatlarında xəstəliklərin yayılma riskini artırır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə heyvandarlıq təsərrüfatlarında mövsümi xəstəliklərə qarşı profilaktik tədbirlərdən danışarkən Dövlət Aqrar Universitetinin baş müəllimi Aqil Mustafayev deyib.
O bildirib ki, heyvan saxlanan tövlələrdə qış mövsümündə uzun müddət qaba yemlə qidalanan heyvanları yaz mövsümündə otlaq sahələrə buraxmamışdan əvvəl mütləq müəyyən hazırlıqlar görülməlidir. Çünki quru yemdən yaşıl, sulu yemə keçməklə əlaqədar yaranan xəstəliklər bəzən ölümlə nəticələnə bilir. Bu riskin qarşısının alınması üçün heyvanların otla bəslənməsinə mərhələli şəkildə keçmək lazımdır.
“Buzov ishalları təsərrüfata ən çox ziyan vuran və yeni doğulmuşların ölümü ilə nəticələnən mövsümi xəstəlikdir. Ən çox yaz aylarında baş verdiyi üçün mövsümi xəstəlik hesab olunur. Əsasən doğumdan sonrakı ilk 2-10 gün aralığında mikrobun qana keçməsi ilə buzovlarda ani ölümlərə səbəb olur. Heyvan saxlanan binaların rütubətli, çirkli, həddən çox isti və ya soyuq olması, buzovun həddən çox süd içməsi, stres, süni əmizdirmə, A vitamini çatışmazlığı və digər səbəblər heyvanda ölümlə nəticələnə bilən buzov ishalı riskini artırır,” - deyə A.Mustafayev diqqətə çatdırıb.
Mütəxəssis, həmçinin həşəratların heyvanlar üçün xəstəlik daşıyıcısı və stres faktoru olduğunu da deyib. “Onlar yaratdıqları bu problemlərlə bağlı ət və süd artımına mənfi təsir göstərir, xəstəliklərin daha da ağırlaşmalarına səbəb olur. Həşəratlarla mübarizə tədbirləri aprel ayının ortalarından may ayının sonuna qədər aparılmalıdır. Heyvanların saxlanıldığı binalardan peyin vaxtında çıxarılmalı, həşəratlar üçün peyinə müxtəlif dezinfeksiyaedicilər qatılmalı, qida qalıqları, süd və s. maddələr bulaşmış yerlər təmizlənməlidir ki, həşəratları cəlb etməsin”, - deyə o əlavə edib.

 

 

Kənd təsərrüfatı 2023-04-10 11:22:00