×
A
A
A
Sazlamalar

Üç ayda Şəki rayonu üzrə heyvan sahiblərinə 101 min manat subsidiya hesablanıb

Şəki, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Şəki rayonunda 2455 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 403 baş çoxdur. Həmin müddətdə süni mayalanma yolu ilə alınan buzov və balaqların sayı isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 180 baş artaraq 1144 baş olub. Üç ayda Şəki rayonu üzrə 858 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1010 baş cinsi yaxşılaşdırılmış buzova görə 101 min manat subsidiya hesablanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Sektor müdiri bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. İndiyədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 412 baş damazlıq düyə alınıb. Bu işin gələcəkdə də davam etdirilməsi məqsədi ilə fermerlər arasında maarifləndirici söhbətlər aparılır. Eyni zamanda, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.
Nazim Rəcəbov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, damazlıq cins heyvanların dəyərinin 60 faizinin dövlət büdcəsindən ödənilməsi, süni mayalanma yolu ilə əldə olunmuş hər baş buzova görə 100 manat subsidiyanın verilməsi, süni mayalanma xidməti üzrə infrastrukturun dövlət tərəfindən təmin edilməsi, bütün növ kənd təsərrüfatı heyvanları və quşlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı müalicə-profilaktika və diaqnostika tədbirlərinin aparılması heyvandarlıq sahəsinin ilbəil dinamik inkişafını təmin edən əsas amillərdən olub.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə heyvan sahibinə 100 manat məbləğində subsidiyanın verilməsinə başlanılandan sonra şəkili fermerlərin süni mayalandırma tədbirlərinə marağı xeyli artıb. Belə ki, 2015-ci ildə süni mayalandırılan heyvanların sayı 3752 baş olduğu halda, 2022-ci ildə bu göstərici 2,1 dəfəyədək artaraq 7872 başa çatıb. Ümumiyyətlə, sərəncamın icrası olaraq, 2016-cı ildən indiyədək Şəki rayonu üzrə 13 min 446 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 15 min 908 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 1 milyon 590 min 800 manat subsidiya ödənilib.

Kənd təsərrüfatı 2023-04-08 12:08:00