Qadın fermerlərin AFAQ layihəsinə qeydiyyatı davam edir
Bakı, 7 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinə qeydiyyat davam edir. Kənd təsərrüfatı sahəsində aktiv iştirakı olan və aqrar biznes fəaliyyətləri həyata keçirən qadın fermerlər https://afaq.az/ saytı vasitəsilə layihəyə müraciət edə bilərlər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tələblərə cavab verən fermerlər layihə çərçivəsində göstərilən dəstək tədbirlərindən faydalana biləcəklər. Dəstək tədbirləri aqrar sahədə bilik və bacarıqların artırılması təlimlərindən, təsərrüfatların inkişafı üçün texniki dəstək və konsultasiya imkanlarından ibarətdir. Təlimlər ümumi biznes bacarıqları və fermerlərin məşğul olduqları sahələr üzrə xüsusi mövzuları əhatə edəcək.
Qeyd edək ki, AFAQ layihəsinin əsas məqsədi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına töhfə verməkdir. Bugünədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 181 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 151 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.
Layihəyə qeydiyyat prosesində çətinlik çəkən və ya əlavə sualı yaranan şəxslərdən +994 50 400 88 99 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb