×
A
A
A
Sazlamalar

Azərbaycan diasporunun Kanada cəmiyyətinə inteqrasiyası yüksək qiymətləndirilib

Bakı, 6 aprel, AZƏRTAC

Kanadaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Xarici İşlər Nazirliyinin (XİN) parlament katibi Robert Olifant ilə görüşü keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri, dünyanın 70-dən çox ölkəsində 50 milyona yaxın azərbaycanlının yaşaması, Azərbaycan Prezidentinin tövsiyələri əsasında xaricdəki icmalarımızla, o cümlədən Kanadada yaşayan soydaşlarımızla sıx əlaqə saxlanılması, onların təşkilatlanması istiqamətində atılan addımlar və həyata keçirilən layihələr parlament katibinin diqqətinə çatdırılıb. Cənubi Qafqazın lider dövləti olan müasir Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, xalqımızın bölgədə yalnız davamlı sülhün bərqərar olmasını istədiyi və Azərbaycan dövlətinin bu istiqamətdə ciddi səylər göstərdiyi vurğulanıb.
Robert Olifant Azərbaycan diasporunun Kanada cəmiyyətinə inteqrasiyasını yüksək qiymətləndirib. Kanada dövlətinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəklədiyini söyləyən XİN-in parlament katibi icmamızın tarixi vətənlərinin imicinin yüksəldilməsi və mədəniyyətinin tanıdılması istiqamətində Kanadada gördüyü işləri müsbət qiymətləndirib.
Komitə sədri Kanada-Azərbaycan ikitərəfli münasibətlərinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
“Peys Hüquq Firması”nın (“Pace Law Firm”) təsisçisi və rəhbəri Al Peyslə görüşdə isə şirkətin hüquqi xidmətləri barədə ətraflı məlumat verilib və fəaliyyətinə dair təqdimat keçirilib. 1981-ci ildə əsası qoyulan şirkətin beş ofisində 160-dan çox hüquqşünasın çalışdığı və müştərilərə 38 dildə xidmət göstərdiyi qeyd edilib.
Al Peys bildirib ki, özü əslən Litvadan olduğu üçün litov icmasının fəaliyyətində iştirak edir və rəhbərlik etdiyi şirkət litov gənclərinin startap layihələrini təmənnasız olaraq dəstəkləyir.
Komitə sədri ölkəmizin inkişafı, diaspor quruculuğu və Azərbaycan icma üzvlərinin yerli cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Azərbaycan diasporu üzvlərinin müxtəlif ölkələrdə, o cümlədən, Kanadada biznes sahəsində çalışdıqlarına, xarici ölkələrin iqtisadiyyatına töhfələr verdiklərinə diqqət cəlb olunub. İnteqrasiya sahəsində soydaşlarımızın qarşılaşdıqları hüquqi çətinliklərin aradan qaldırılması yolları və əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Diaspor 2023-04-06 15:15:00