×
A
A
A
Sazlamalar

Oğuzda 150 hektar sahədə tütün əkini proqnozlaşdırılır

Oğuz, 6 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında tütün əkininə hazırlıq işləri yekunlaşmaq üzrədir. Cari təsərrüfat ilində rayonda 150 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün əkiləcək sahələr ötən illə müqayisədə 80 hektaradək artırılacaq. Tütün əkini ilə əlaqədar indiyədək 16 fermerlə müqavilə bağlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayon ərazisində “Azərtütün” ASC tərəfindən 25 hektar, “Azəri” Korporasiyası tərəfindən 95 hektar, fiziki şəxslər tərəfindən isə 30 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ümumi sahəsi 6 min kvadratmetr olan şitilxanalar hazırlanaraq toxum səpilib. Tütün şitillərinin aprelin 15-dən sonra sahələrə köçürülməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 67 hektar sahədən 196,3 ton quru tütün əldə ediblər.

 

 

Kənd təsərrüfatı 2023-04-06 12:00:00