×
A
A
A
Sazlamalar

Lənkəranda istixana şəraitində yetişdirilən çiyələyin yığımına başlanılıb VİDEO

Lənkəran, 4 aprel, İsmayıl Cəfərli, AZƏRTAC

Dadına və ətrinə görə Azərbaycan çiyələyinə xarici bazarlarda tələbat çoxdur. Cənub rayonlarında fəaliyyət göstərən fermerlərin də üstünlük verdiyi bu sahəyə maraq ilbəil artır.
AZƏRTAC xəbər verir ki, üç ildir çiyələk əkini ilə məşğul olan lənkəranlı fermer Akif Cəlalov bu sahədən yaxşı gəlir əldə edir. Əvvəl bir hektar əkin sahəsi ilə fəaliyyətə başlayan təsərrüfatçı indi 20 hektar sahədə əkin aparıb. Hətta tərəvəz təyinatlı olan 1 hektarlıq istixanada da iki ildir ki, çiyələk yetişdirir: “Təsərrüfatımızda əsasən istixana şəraitində məhsul yetişdiririk. Damcı suvarma sistemi quraşdırmışıq. Havalandırmanı da qurğular vasitəsilə aparırıq ki, tozlanma yaxşı olsun. Tozlanma getməyəndə məhsul azalır. Bizdə mövsüm aprel ayında başlayır. Məhsulu əsasən Rusiya bazarlarına göndəririk”.
Ötən ilin sentyabr ayında əkilən şitillər 4-5 aylıq qulluqdan sonra məhsula düşüb. Bir aydan çoxdur istixanada yığım aparılır. Cənub rayonlarında əsasən yerli iqlimə tez uyğunlaşan, məhsuldarlığı yüksək olan “Murano”, “Montano” və “Kler” çiyələk sortları əkilir. Hər hektardan təxminən 40-50 ton məhsul götürülür.
Təsərrüfat rəhbəri Qabil Babayev isə 1 hektar 12 sot ərazidə əkin aparıb. Deyir ki, çiyələk şitilini sentyabr ayında əkib və yanvarda məhsul verib. “Məhsuldarlığı yaxşıdır. Vaxtında qulluq etsən, bu sorta yaxşı baxsan, 70 ton məhsul götürmək mümkündür. Bunun üstünlüyü odur ki, qışda asan yetişir. Soyuğa dözümlüdür, həm də gəlir gətirir”, - deyə o bildirib.
Yüksək məhsuldarlığa nail olmaq üçün istixana müasir sistemlərlə təchiz olunub. Aprelin ortalarından açıq sahələrdə əkilən çiyələyin yığımına başlanacaq.
Qeyd edək ki, bu il Lənkəranda 200 hektara yaxın sahədə çiyələk əkilib.

 

Kənd təsərrüfatı 2023-04-04 14:10:00

Video