İtaliyalı nazir müavini: Azərbaycan bizim üçün strateji tərəfdaşdır
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.
Tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, o cümlədən enerji və nəqliyyat layihələrində, alternativ enerji layihələri istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın 30 il ərzində ərazilərimizin işğalı nəticəsində törətdiyi vandallıqlar, 2020-ci il müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işləri barədə italyan nazir müavinini məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq sülh prosesinə qarşı törətdiyi maneələr, siyasi və hərbi təxribatları, davam edən mina təhdidləri qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir müavini Edmondo Çirielli Azərbaycanın İtaliya üçün strateji tərəfdaş olduğunu qeyd edərək, münaqişənin başa çatması ilə bütün bölgədə yeni dövrün başladığını və daha əlverişli imkanların yarandığını qeyd edib. O, həmçinin iki ölkə arasında münasibətlərin hərtərəfli genişləndirilməsi üçün yeni imkanlar və əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.
Keniyanın Baş naziri Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumatlandırılıb
Azərbaycanın Baş naziri monteneqrolu həmkarı ilə görüşüb
Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb