×
A
A
A
Sazlamalar

İlk mobil telefon zəngindən 50 il ötür

Bakı, 3 aprel, AZƏRTAC

Düz 50 il öncə, 1973-cü il aprelin 3-də mobil telefondan ilk zəng edilib. Həmin gün “Motorola” kompaniyasının mühəndisi Martin Kuper “AT&T Bell Labs” telefonu üzərində çalışan kompaniyadakı rəqibi Coel Engelə əsl mobil telefondan zəng vurduğunu elan edib.
AZƏRTAC mobil rabitə tarixinə qısaca nəzər salır.
Bu ideya 1946-cı ildə məhz “AT&T Bell Labs” mütəxəssislərinin ağlına gəlib. Onlar avtomobillərdə quraşdırılan radiotelefonlar icad ediblər. Lakin ilk mobil rabitə aparatını hazırlamaq “Motorola” kompaniyasına qismət olub.
İlk mobil telefon - “Motorola DynaTAC” aparatı, əslində yığcam qurğu deyildi. Çəkisi təxminən bir kiloqram, uzunluğu 22 santimetrdən çox olan telefon müasir mobil aparatdan daha çox kərpici xatırladırdı. O, gözləmə rejimində səkkiz saatadək, danışıq rejimində isə bir saata qədər işləyə bilirdi. “Motorola”ya enerji doldurulması 10 saatdan çox vaxt aparırdı. Displeyi və əlavə funksiyaları olmayan telefon stasionar antena ilə işləyirdi.
Böyük ölçülü və ağır çəkisi olan ilk mobil telefona o vaxt üçün başgicəlləndirici qiymət qoyulmuşdu – 3500 dollar.
Tarixdə ilk mobil zəngdən 10 il sonra həmin telefonların kütləvi istehsalına başlanılır. “Motorola” kompaniyasına bütün bürokratik və texnoloji problemləri həll etmək üçün məhz 10 il lazım gəlir. Beləliklə, mobil rabitə texnologiyalarının tələbatlı və uğurlu hekayəsi başlayır. 1984-cü ildə ABŞ-də “Ameritech Mobile” mobil şəbəkəsinin işə başlamasından bir il sonra onun abunəçi bazasında 12 mindən çox istifadəçi qeydə alınmışdı.

 

Bu maraqlıdır 2023-04-03 14:19:00