Mart soyqırımı ilə əlaqədar Avropa və Niderland parlamentlərinə bəyanat ünvanlanıb
Bakı, 3 aprel, AZƏRTAC
Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa və Niderland parlamentlərinə, siyasi partiyalara və qeyri-hökumət təşkilatlarına bəyanatla müraciət edib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda 105 il əvvəl etnik erməni Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin mandatı altında bolşevik və erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla törədilmiş soyqırımı barədə ətraflı məlumat verilib.
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mart soyqırımının araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası təsis etdiyi bildirilib. Həmçinin vurğulanıb ki, 1919-cu ildə Azərbaycan parlamenti 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan edib.
Bu kütləvi cinayətin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan addımların sovet işğalı səbəbindən yarımçıq qaldığı, lakin unudulmadığı, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi haqqında Fərman imzaladığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, martın 30-dan aprelin 3-dək davam etmiş soyqırımına dair araşdırmalar aparılıb və çoxlu sayda kitablar nəşr olunub. Hər il martın 31-də müxtəlif ölkələrdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri və konfranslar keçirilir.
Mart soyqırımı qurbanlarının xatirəsi Gürcüstanda yad edilib
“TRT TÜRKÜ” radio kanalında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı proqram yayımlanıb
Misirli jurnalist Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə yazıb