×
A
A
A
Sazlamalar

İsveçrədə yaşayan soydaşlarımız Cenevrədəki erməni təxribatını sərt şəkildə pisləyiblər

Bakı, 3 aprel, AZƏRTAC

İsveçrədə yaşayan Azərbaycan icması erməni diasporunun Cenevrədəki Palexpo kitab sərgisində törətdiyi təxribatla bağlı təşkilatçılara rəsmi müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, məktubda bildirilib ki, Qarabağ iqtisadi rayonu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşir. Amma Cenevrənin Lozanna küçəsində yerləşən “Armenie Culture & Saveurs” mərkəzi kitab sərgisində bu ərazi haqqında qondarma “Dağlıq Qarabağ respublikası” adı altında yolverilməz materiallar təbliğ edir. Bu səbəbdən Azərbaycan icması erməni diasporunun davam edən irqçi və separatçı təxribatlarına ən kəskin etirazını bildirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan 2020-ci ilin payızında BMT-nin 4 qətnaməsini özü yerinə yetirib, 44 günlük müharibə nəticəsində Qarabağ üzərində suverenliyini bərpa edib. “Azərbaycanın Qarabağ bölgəsini zəbt etmək üçün Ermənistanın hərbi qüvvələrdən istifadə etdiyi, üstəlik, etnik təmizləmə apardığı və Qarabağda irqçi azlıq rejimi qurduğu hər kəsə məlum faktdır”, - deyə məktubda vurğulanıb.
İcma qeyd edib ki, çoxmillətli və multikultural İsveçrə bu ölkədəki azərbaycanlıların ikinci vətəninə çevrilib. Amma soydaşlarımız erməni icmasının Azərbaycana və onun ərazi bütövlüyünə qarşı artan gərgin və düşmən münasibətindən narahatdır. “Biz “Armenie Culture & Saveurs” mərkəzinin kitab sərgisində Azərbaycan dövləti əleyhinə təbliğat aparmasını və davam edən bu separatizmə hər cür dəstəyi qətiyyətlə pisləyirik”, - deyə diaspor nümayəndələri bildiriblər.
Qeyd edək ki, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası erməni təxribatı ilə əlaqədar etiraz bəyanatı yayıb.

Diaspor 2023-04-03 12:34:00