×
A
A
A
Sazlamalar

Azərbaycan - Çin münasibətləri regional və beynəlxalq əməkdaşlığa töhfə verir

Bakı, 2 aprel, AZƏRTAC

Uzun müddətdir ki, Rusiya, Qərb və Çin olmaqla dünyanın əsas üç güc mərkəzi formalaşıb. Maraqlı fakt ondan ibrətdir ki, Çin həm də inkişafda olan və gücünü daima artıran iqtisadi qüvvə olaraq xarakterizə olunur. Həmin iqtisadi güc Çinin siyasi iradəsinin yeni dünya düzənində mühüm rol oynayacağını göstərir. Son illər məhz həmin siyasi iradənin güc mərkəzləri arasında balansları dəyişdiyini görə bilirik. Xüsusən Rusiya və Qərb arasında Ukraynada toqquşan maraqlar fonunda hər iki qütb Çini öz tərəfinə çəkmək və yaxud proseslərdə Çinin neytral mövqeyinə nail olmağa çalışırlar. Çinin sürətli inkişafının bir səbəbi də Rusiya və Qərb güc mərkəzlərinin heç birini müdafiə etməməyidir. Baş verənlərə neytral mövqedən yanaşan Çin öz iqtisadi gücünü artırmaqla yeni güc mərkəzinə çevrilib.
İqtisadi və siyasi güc baxımından Azərbaycan da həmin ölkə ilə münasibətlərdə maraqlıdır. Çinin də Azərbaycan ilə yüksək səviyyəli əməkdaşlıq üçün öz maraqları var. Bu da onu deməyə əsas verir ki, əməkdaşlıq maraqları qarşılıqlıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Çin - Azərbaycan münasibətlərinin Qədim İpək Yolu dövrünə gedib çıxdığını deyən təşkilat sədri Ümummilli Lider Heydər Əliyevin hələ SSRİ dövründə Çinin əhəmiyyətini və gələcək perspektivlərini dərk etdiyini, həmin ölkə ilə münasibətlərin inkişafına çalışdığını diqqətə çatdırıb. Qeyd olunub ki, həmin xarici siyasət xətti Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirildi: “İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var. Xatırlamaq yerinə düşər ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır. Prezident İlham Əliyevin Davosa səfəri zamanı Çinin CGTN televiziya kanalına müsahibəsində qlobal arenada Çinin gördüyü işlərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirdiyini qeyd etmişdi. Dövlətimizin başçısı paralellər apararaq Azərbaycanın da regional miqyasda əməkdaşlıq imkanlarının artırılması üçün səylər göstərdiyini vurğulamışdı.
Əlbəttə, Çin -Azərbaycan münasibətlərinin tarixi uğurlarına, əməkdaşlığın yeni imkanlarına diqqət çəkmək yerinə düşərdi. Dövlət başçısının da müsahibələrində qeyd etdiyi kimi Çinlə əməkdaşlıq sahələrinə yaşıl enerji də əlavə edilir. Azərbaycanın yaşılı enerji ilə bağlı böyük potensialı mövcuddur. Eyni zamanda, ölkəmizin enerji siyasətində yaxın onilliklər üçün müəyyən etdiyi yeni istiqamət yaşıl enerji siyasətidir. Çin ilə bu sahədə əməkdaşlığın qurulması həmin ölkənin texnoloji nailiyyətləri ilə bağlıdır. İki ölkənin yaşıl enerjinin istehsal edilməsi istiqamətində səyləri birləşdirməsi qarşılıqlı maraqlara əsaslanır. Xarici ekspertlər də yaxşı anlayırlar ki, bərpaolunan enerjinin təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var və xarici bazarlar da çox əlverişlidir”.
“Orta Dəhliz” layihəsinin Azərbaycan - Çin münasibətlərində vacib prioritetlərdən biri olduğunu diqqətə çatdıran C.Hüseynzadə Şərqlə - Qərbi birləşdirən həmin layihənin müharibə şəraitində, Qərbin Rusiya ilə vəziyyətinin kirtik olduğu bir dönəmdə önəmini xüsusi qeyd edib: “Gələcəkdə həmin layihədə Zəngəzur dəhlizinin də yer alması “Orta Dəhliz”in iqtisadi səmərəliyini daha da artıracaq. Bir sözlə, “Orta Dəhliz” layihəsi Azərbaycan üçün siyasi və iqtisadi maraq kəsb edir. Azərbaycanın həmin layihədə rolu region ölkələrin iqtisadi maraqlarını qarşılayır. Ümumilikdə Azərbaycan - Çin münasibətləri regional və beynəlxalq əməkdaşlığa da töhfə verir”.

Siyasət 2023-04-02 01:47:00