×
A
A
A
Sazlamalar

İçərişəhərdə hər daşın öz hekayəsi var – Qayser Nevvab

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycana səfərimdən xeyli müddət keçsə də, bu gözəl ölkə ilə bağlı xatirələrim təzədir. Azərbaycan adlı heyrətamiz ölkəni hələ uşaqlıqdan ziyarət etmək istəyirdim. Bura səyahət edəndə al-əlvan xalçaların rəng çalarları, manqalda bişirilən kababların cızıltısı və küçələrdə əks-səda verən muğam musiqisinə heyran qaldım. Çox yaxşı yadımdadır ki, ilk dəfə Bakıya gələndə çox həyəcanlanmışdım. Gəlməmişdən əvvəl şəhər haqqında çox eşitmişdim. Eşitmişdim ki, Bakı Xəzər dənizinin sahilində yerləşən neft şəhəridir. Onun göydələnləri və qədim Qala divarları var, amma heç nə məni Azərbaycan xalqının istiqanlılığı, qonaqpərvərliyi kimi məftun edə bilmədi.
Bu fikirlər Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvabın AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan Qafqazın incisidir” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik.
İçərişəhərin dar yollarını gəzərkən memarlığın mürəkkəb detalları - taxta qapılardakı naxışlı oymalar, məscid və məqbərələri bəzəyən rəngarəng mozaikalar diqqətimi çəkdi. Bu, hər daşın bir hekayəsi olan qədim dövrlərə səyahət etmək kimi idi. Amma Azərbaycana səfərimi bu qədər yaddaqalan edən təkcə görməli yerlər deyildi. Yolda rastlaşdığım insanlar - məni çaya dəvət edən mağaza sahibləri, evlərinə qonaq edən insanlar, muğama olan sevgilərini mənimlə bölüşən musiqiçilər bir ayrı aləm idi. Xeyirxah azərbaycanlılarla ünsiyyətdən sonra anladım ki, səyahət təkcə yeni yerlər görmək deyil, həm də o yerləri vətən adlandıran insanlarla əlaqə yaratmaqdır.

Bakıda diqqəti cəlb edən memarlıq tikililərindən biri də Alov Qüllələri və Heydər Əliyev Mərkəzi oldu

Bakıda ilk dayandığım yer İçərişəhər oldu. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhər tarixi bir yerdir. Əyri və dar yollar, gözəl məscidlər və qədim qala divarlarından ibarət labirint Bakıya gələn hər kəsin mütləq görməli olduğu yerdir. Küçələrdə dolaşdıqca gözəl daş binalar və məni əhatə edən rəngarəng kirəmitli günbəzlərlə özümü keçmişə qədəm qoymuş kimi hiss etdim. İçərişəhərə səfərimin ən görməli yerlərindən biri XII əsrə aid olan heyrətamiz memarlıq tikilisi olan Qız qalası oldu. Qalanın ən hündür nöqtəsindən Bakının və Xəzər dənizinin gözəl mənzərəsini seyr etdim, zövq verdi. XV əsrə aid şah iqamətgahı olan Şirvanşahlar Sarayı mürəkkəb daş oyma işləri və dinc həyətləri ilə səyahətimin daha bir diqqət çəkən məqamı oldu. Sarayın ərazisini gəzərkən, sanki məni əhatə edən əsrlərin tarixi ruhuma sakitləşdirici təsir göstərmiş kimi hiss etdim.
Qədimliyi və müasirliyi özündə birləşdirən Bakıda diqqəti cəlb edən memarlıq tikililərindən biri də Alov Qüllələri və Heydər Əliyev Mərkəzi oldu.

Dünyanın ən qədim qayaüstü təsvirləri

Səfərimdə diqqət çəkən məqamlardan biri Qobustan Milli Parkındakı palçıq vulkanlarını ziyarət etmək idi. Parkda həm də qədim Azərbaycan tayfalarının həyatına nəzər salmaq imkanı verən, min illər əvvələ aid dünyanın ən qədim qayaüstü təsvirləri var.
Qiraəti sevən insan kimi Azərbaycan Milli Kitabxanasına və Bakı Kitab Mərkəzinə baş çəkmək fürsətini də əldən vermədim. Hər iki bina gözəl memarlığı və təsirli kolleksiyaları ilə məni heyran qoydu.
Azərbaycan mətbəxinin zəngin, rəngarəng və ləzzətli olduğu barədə eşitmişdim və təbii ki, bunu yoxlamalı idim. Ölkənin Şərqlə Qərbin kəsişməsində yerləşməsi, eləcə də onun uzunmüddətli ticarət və mədəni mübadilə tarixi Azərbaycanın mətbəxinə öz təsirini göstərib. Bu ölkədə olduğum müddətdə ənənəvi kabab yeməyindən tutmuş bütün xörək və salatların dadına baxmışam. Ən sevdiyim yeməklərdən biri də plovdur.
Azərbaycanlıların öz ölkələri və mədəniyyətləri ilə fəxr etmələri, eyni zamanda, başqalarının mədəniyyətlərini öyrənməyə həvəs göstərmələri məni heyran etdi. Bu, mənşəyindən və milliyyətindən asılı olmayaraq insanları bir araya gətirmək üçün çox mühüm amildir.

Bizi birləşdirən ortaq bağ - Vətənə və adət-ənənələrimizə sevgi

Məni heyran edən məqamlardan biri də Azərbaycanın infrastrukturuna qoyulan investisiyaların və inkişafın səviyyəsi idi. Ölkənin dəniz və hava limanları müasir üslubda inşa edilib. Bu da malların ölkə daxilində və xaricə daşınmasını asanlaşdırır. Bundan əlavə, Azərbaycanı regionun digər ölkələri ilə birləşdirəcək yeni avtomobil yolları və dəmir yolları çəkilməklə, nəqliyyat şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsinə ciddi diqqət yetirilir.
Azərbaycanı ticarət üçün cəlbedici məkana çevirən digər amil onun Avropa və Asiyanın kəsişməsində yerləşməsidir. Burada olduğum müddətdə iki ölkə arasında ticarət potensialını müzakirə etmək üçün yerli iş adamları və hökumət rəsmiləri ilə görüşmək imkanım oldu. Biz Pakistan tekstil və tikiş məmulatlarının Azərbaycana ixracı potensialından, eləcə də Azərbaycan neftinin və qazının Pakistana idxalı imkanlarından danışdıq. Həmçinin kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları kimi sənaye sahələrində birgə müəssisələrin yaradılması imkanlarını müzakirə etdik.
Beləliklə, Azərbaycanda keçirdiyim dövr haqqında düşünəndə anlayıram ki, ən çox üstündə əsdiyim fotoşəkillər və ya aldığım suvenirlər deyil, eşitdiyim hekayələr və keçirdiyim hisslərdir. Bizi birləşdirən ortaq bağ Vətənimizə, mədəniyyətimizə və adət-ənənələrimizə olan sevgimizdir.

Mədəniyyət 2023-04-01 23:26:00