×
A
A
A
Sazlamalar

Çin rəhbəri Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırır - Politoloq

Bakı, 1 aprel, AZƏRTAC
Çin qlobal gücə çevrilmək istiqamətində sürətlə irəliləyir. Bu, Pekinin son 40 ilə yaxın müddət ərzində həyata keçirdiyi genişmiqyaslı və dərin iqtisadi islahatlar nəticəsində əldə olunub. Çin aqrar sosialist ölkəsindən dünyanın ikinci ən böyük iqtisadiyyatına və qlobal ticarət, biznes, istehsal sahəsini hərəkətə gətirən lokomotivə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
Politoloqun fikrincə, iqtisadi yüksəliş Çinin hərbi-siyasi qüdrətini də artırır. Bu da “Soyuq müharibə”dən sonra dünyada yaranan təkqütblü nizamın sonuna və yeni beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasına gətirib çıxaracaq.
Uzun müddətdir sürətli iqtisadi yüksəlişlə müqayisədə passiv xarici siyasət həyata keçirən Çin indi daha praqamatik, çoxtərəfli və dünya liderliyinə istiqamətlənmiş xarici siyasət konsepsiyalarını reallaşdırmağa başlayıb. Təbii ki, bu da beynəlxalq və regional hegemonluq uğrunda mübarizə aparan ABŞ və digər aktorları narahat edir. Belə hallarda da mübarizə aparan subyektlər deyil, onların maraqlarının toqquşduğu region ölkələri əziyyət çəkmiş olur.
“Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi Avropa və Asiyanın nəqliyyat– kommunikasiya xətlərinin kəsişməsi, siyasi, hərbi və iqtisadi cəhətdən mühüm əhəmiyyətə malik bölgə, eyni zamanda, zəngin karbohidrogen ehtiyatlarına malik olduğu üçün hər zaman diqqət və maraq mərkəzində olub.
Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti ölkənin regionda gedən siyasi və iqtisadi proseslərdə fəal iştirakını təmin edir və maksimim səviyyədə öz məqsədini reallaşdırmağa imkan verir. Azərbaycan yeni mübarizələrin getdiyi və ya maraqların toqquşduğu çox çətin regionda olmasına baxmayaraq, bütün tərəflərlə qarşılıqlı maraqları nəzərə alan ikitərəfli və çoxtərəfli münasibətlər qurmağı bacarır.
Azərbaycan–Çin münasibətlərinin yüksək səviyyədə olması da milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın sabitliyi, iqtisadi imkanları Çinin ölkəmizə investisiya yatırması üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, Çinin artan istehsalı onu ticarət yollarını şaxələndirmək üçün alternativlər axtarmağa məcbur edir. Məhsulu istehsal etməklə yanaşı, dünya bazarlarına çıxarmaq üçün qısa və az maliyyə tələb edən ticarət yollarının qurulması da əsas amillərdəndir”, - deyə politoloq vurğulayıb.
Y.Hacızadə əlavə edib ki, bu gün ölkəmiz Orta Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Qara dəniz xətti ilə Çin mallarının Şərqdən Qərbə daşınması üçün ən əlverişli yolda yerləşir və geniş, inkişaf etmiş nəqliyyat-kommunikasiya imkanlarına malikdir. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan Xəzər dənizində illik 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni dəniz limanı inşa etdi. İndi isə onun yükaşırma imkanlarını 25 milyon tona qədər artıracaq.
“Ümumiyyətlə, Azərbaycan-Çin münasibətləri 30 ilə yaxındır yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər həm də çoxtərəfli şəkildə və beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməklə davam edir. Əlbəttə, bu münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu var. Çin–Azərbaycan münasibətlərinin bugünkü səviyyəsinə görə Çin rəhbəri Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırır. Bu, dünyanın supergüc dövləti tərəfindən Prezident İlham Əliyevə münasibətlərin inkişafında oynadığı rola görə verilən böyük qiymətdir”, - deyə Y.Hacızadə vurğulayıb.

Siyasət 2023-04-01 19:33:00