×
A
A
A
Sazlamalar

Şahin quşlarını Qətərdən gətirib təbiətə buraxmaqla dünya faunasını da dəstəkləyirik

Bakı, 1 aprel, AZƏRTAC
Şahin quşunun adı Azərbaycanın “Qırımızı kitabı” nəşr ediləndən həmin kitaba düşüb. Şahinin Azərbaycanda həm yerli, həm də ərazilərimizdən köç edən populyasiyaları var. Onlardan biri də Taymırda yuvalayır və respublikamızdan köçüb Qətər, İraq, Səudiyyə Ərəbistanı və başqa ərəb ölkələrində qışlayır. Həmin populyasiyadan olan quşları Qətərdən gətirərək burada təbiətə buraxırıq. Bununla da həmin növün və yarımnövün sayını artırmağa nail olacağıq.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov deyib.
“Yarımnöv olduğuna görə Azərbaycandan köçən quşən quşların bir hissəsi burada qalır, yuvalamağa başlayır. Proses genetik müxtəlifliyi artırır. Artıq üçüncü ildir ki, Azərbaycanda həmin qışlayan quşları təbiətə buraxırıq. Gələcəkdə də prosesi davam etdirmək və həmin quşları Azərbaycanın müxtəlif yerlərinə buraxmaq çox yaxşı olardı. Bununla da həm yerli quş növlərinin müxtəlifliyini artırırıq, həm də dünya faunasını dəstəkləyirik. Belə ki, ölkəmizə buraxılan quşların bir hissəsi Taymır yarımadasına, tundraya uçur və sonra da respublikamızdan cənubda yerləşən ölkələrə qayıdırlar. Azərbaycanla Qətərin birgə tədbiri bu baxımdan çox təqdirəlayiqdir”, - deyə E.Sultanov bildirib.

Ekologiya 2023-04-01 18:41:00