×
A
A
A
Sazlamalar

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil edilib

Bakı, 1 aprel, AZƏRTAC

Respublika Uşaq Kitabxanası və 46 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş açıq dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasından danışılıb və bütün bunların XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri olduğu bildirilib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalanıb. Rəsmi mənbələrə əsasən, 1918-ci il mart soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşüb.
Soyqırımı ilə bağlı Respublika Uşaq Kitabxanasında təşkil edilən açıq dərsdə qeyd edilib ki, ermənilər tərəfindən törədilən bu faciə bəşər tarixində ən dəhşətli hadisələrdəndir.
Sonra şagirdlər “Soyqırımı-Tariximizin qanlı səhifəsi” adlı Azərbaycan və xarici dillərdə olan kitablar, şəkillər, qəzet və jurnal materiallarından ibarət geniş sərgi ilə tanış olublar.
Sonda soyqırımı qurbanlarına həsr olunmuş videoçarx nümayiş olunub.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd gənc nəslə vətənpərvərlik hisslərini aşılamaq, onlara ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat vermək, bu cür tarixi faktları nəsildən-nəslə ötürərək yaddaşlarda yaşatmaqdır.

Mədəniyyət 2023-04-01 18:23:00