×
A
A
A
Sazlamalar

Ölkənin ilk uşaq televiziyası “ARB Günəş” 8 yaşında

Xaçmaz, 1 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 1-də ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş”in 8 yaşı tamam olur. Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci ildən fəaliyyət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, telekanalda indiyədək 30-a yaxın telelayihə və proqramlar hazırlanaraq efirə verilib. Televiziyada azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edilir. “Mərcangildə”, “Çərpələng”, “Təhsil millətin gələcəyidir”, “Biz nə fikirləşirik?”, “Günəşin nağılı” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.
“ARB Günəş” televiziyasının yarandığı ilk gündən qarşıya uşaqların zövqünü oxşamaq, onların marağına xidmət etmək məqsədi qoyulub.
Telekanal əksər dövlət və hökumət qurumları ilə səmərəli əməkdaşlıq edir. Təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə imza atıb.
“Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən “ARB Günəş”i kabel televiziyalarında, eləcə də, internetdə onlayn izləmək mümkündür.

Regionlar 2023-04-01 11:56:00