×
A
A
A
Sazlamalar

1918-ci ilin Mart soyqırımı arxiv materiallarında - elmi sessiya

Bakı, 1 aprel, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “1918-ci ilin Mart soyqırımı arxiv materiallarında” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri açan Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli Azərbaycan xalqının son iki əsrdə erməni terrorizminə, abidələrimizin, kitabxanalarımızın erməni vandalizminə məruz qaldığını, erməni millətçilərinin azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdiklərini və bu cinayət hadisəsinin bəşəriyyətdə hər zaman lənətlənəcəyini bildirib. Alim faktlar göstərərək “erməni xəstəliyi” və erməni ziyalılarının riyakarlığından bəhs edib. O, 31 Mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla verildiyini vurğulayıb.
Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri dosent Nailə Səmədova “Erməni vəhşiliyi faciə şahidlərinin xatirələrində”, elmi katib dosent Əzizağa Nəcəfzadə “Əski mətbuat nümunələrində 1918-ci ildə ermənilərin Azərbaycanın müsəlman əhalisinə qarşı törətdiyi soyqırımı aktı”, doktorant Vüqar Hacıyev “Qarabağ və Zəngəzurda törədilən soyqırımı ermənilərin uydurma “böyük Ermənistan” ideyasının nəticəsidir” mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlarda erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs edilib, onların bu siyasətinin azərbaycanlıları öz tarixi torpaqlarından qovaraq, bir etnos kimi regionda tamamilə məhv edib bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq məqsədi güddüyü vurğulanıb. Bildirilib ki, 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini sübut edən faktlar, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni terrorizmini təsdiqləyən əyani dəlillərdir.
İnstitutun Multidisiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi professor Raqub Kərimov çıxışında 1918-ci il Mart soyqırımının aparıcı qüvvəsinin erməni daşnakları olduğunu və ermənilərin xarici havadarlarının köməyilə yiyələndiyi torpaqlarımızda törətdiyi insanlığa sığmayan əməllərinin sonralar sovet hökuməti tərəfindən məqsədli şəkildə ört-basdır edildiyini vurğulayıb.
Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi professor Tahirə Həsənzadə qeyd edib ki, hər il dərin hüznlə qeyd etdiyimiz qətliam hadisəsi, erməni faşizminin xisləti ilə bağlı faktlar təkcə Azərbaycan alimlərinin deyil, dünya alimlərinin də tədqiqatlarında öz əksini tapıb. Müxtəlif tarixi monoqrafiyalardan, xarici ölkələrin arxiv sənədlərindən nümunə gətirən alim ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri boşa çıxıb.
Tədbirin sonunda Əlyazmalar İnstitutunun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin “Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımları mənbələrdə” mövzusunda hazırladığı kitab sərgisinə baxış keçirilib.

Elm və təhsil 2023-04-01 11:08:00