×
A
A
A
Sazlamalar

Dövlət Statistika Komitəsi ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 1 aprel, AZƏRTAC

Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Azərbaycan Respublikasındakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queirosla görüşüb.
DSK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə son illər ərzində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə BMT qurumları arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin maliyyə dəstəyi hesabına Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının yaradılmasının önəmi vurğulanıb. BMT İP-nin ölkəmizdəki hazırkı fəaliyyətinin Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” əsasında həyata keçirildiyi və ölkəmizin artan ehtiyaclarına uyğun olaraq uzunmüddətli sosial-iqtisadi inkişaf məsələlərinə yönəldildiyi qeyd olunub.
BMT İP-nin rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros səmimi görüşə görə Tahir Budaqova öz təşəkkürünü bildirib. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticələrin əldə olunduğunu qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2023-04-01 11:05:00