×
A
A
A
Sazlamalar

Ermənilər “böyük Ermənistan” mifini reallaşdırmaq üçün ən çirkin vasitələrə əl atmaqdan belə çəkinməyiblər

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Azərbaycan Tibb Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu hadisələrin də yazıldığını qeyd edib: “Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sonradan sovet hakimiyyəti dövründə, təxminən 70 il ərzində xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət həqiqətin gün üzünə çıxdığı an yetişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Həmin Fərmana əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasının XX əsrin ən faciəli və dəhşətli səhifələrindən olduğunu qeyd edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva deyib: “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Həmin qanlı faciə yüzlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Qarabağ və ətraf rayonlarda başlatdığı avantürist hərəkətlərin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu. Ulu Öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Müasir gənclik güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməli, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıdır. Qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaradıb. Beləliklə, azərbaycanlı müsəlmanlara qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırımı siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir”.
Sonra çıxış edən ATU-nun professoru, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski bildirib ki, əzəli Azərbaycan torpaqlarında məskunlaşaraq burada özlərinə dövlət quran ermənilər tarix boyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Onlar “böyük Ermənistan” mifinin əsirinə çevrilib və onu reallaşdırmaq üçün ən çirkin vasitələrə əl atmaqdan belə çəkinməyiblər. Bir etnos olaraq tarixlərini saxtakarlıqla yazan, maddi və mədəniyyət abidələrimizi, mətbəximizi mənimsəyib öz adlarına çıxmağa çalışan ermənilər, eyni zamanda, zaman-zaman azərbaycanlılara qarşı misli görünməyən vəhşiliklər, qətliamlar, vandalizm əməlləri, soyqırımları törədiblər. Təkcə XX əsrdə xalqımız dörd dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar. Üç gün davam edən qırğında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.
Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev çıxışında bildirib ki, 1918-ci ilin mart ayında əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deyib ki, tarixi proseslərin gedişatı Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətinin iflasa məhkum olduğunu sübut edir: “Böyük Ermənistan” xülyası gerçəkləşməyib. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti bundan sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavab verəcək”.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin canlı şahidi olduğunu qeyd edərək, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silah-sursatın dayana bilməyəcəyini hər kəsə göstərdiyini vurğulayıb.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

31 mart 2023-03-31 23:28:00