×
A
A
A
Sazlamalar

QHT-lərə Dövlət Dəstəyi Agentliyində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir təşkil olunub

Bakı, 31 mart, AZƏRTAC

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı hadisələri ilə bağlı məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Hər il dünyanın müxtəlif ölkələrində soyqırımı hadisəsinin ildönümü günü ərəfəsində müxtəlif tədbirlərin təşkil olunduğunu vurğulayan Z.İbrahimov ermənilərin 1918-ci il 30 mart-3 aprel tarixlərində on minlərlə azərbaycanlını milli mənsubiyyətinə görə qətlə yetirdiyini bildirib.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Mirəli Hüseynov, Nəsiman Yaqublu, Faiq İsmayılov, Tofiq Əlizadə, Səriyyə Cəfərova, Mətanət Əsgərqızı və başqaları ermənilərin törətdiyi soyqırımı hadisəsindən ətraflı danışıblar. QHT nümayəndələri Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanmasının əhəmiyyətini qeyd ediblər.
Sonda beynəlxalq təşkilatlara ünvanlanan bəyanat səsləndirilib.

31 mart 2023-03-31 23:02:00