×
A
A
A
Sazlamalar

Adil Əliyev: Böyük Qayıdış xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinə qəhrəmancasına və səbirlə verdiyimiz cavabdır

Bakı, 31 mart, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu addım azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində törədilmiş soyqırımı cinayətlərinin unudulmaması və onlara siyasi qiymət verilməsi baxımından çox mühümdür. Bu soyqırımları azərbaycanlılara qarşı törədilmiş erməni cinayətlərinin tərkib hissəsidir. Əksər hallarda həmin soyqırımı aktları azərbaycanlılara qarşı etnik təmizləmə məqsədi daşımış və onların öz doğma torpaqlarından deportasiya edilməsi ilə müşayiət olunub. Son yüzillikdə Bakı, Quba, Şamaxı, Naxçıvan, İrəvan, Qarabağ, Zəngəzur və digər bölgələrimizdə kütləvi qətllər, soyqırımı aktları törədilib. Ən yeni tariximizdə isə 1992-ci ildə törədilmiş Xocalı qətliamı tariximizin ən faciəli hadisələrindən biri kimi yaddaşımıza həkk olunub. Xocalı qırğını da azərbaycanlıların etnik təmizlənməsi məqsədi daşıyıb. Xocalı hadisəsindən 2-3 ay sonra Laçın rayonu işğal edilib və sakinləri öz doğma torpaqlarından didərgin düşüblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər nəticəsində torpaqlarımız, o cümlədən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonu düşmən işğalından azad edilmiş və ərazi bütövlüyümüz bərpa edildi. Bu sübut etdi ki, heç bir soyqırımı və heç bir deportasiya azərbaycanlıları qorxuda və öz vətənlərindən uzaqlaşdıra bilməz. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış proqramının icrasına başlanması bunun əyani təzahürüdür. Böyük Qayıdış həm də ermənilərin və onların havadarlarının tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya siyasətinə tutarlı bir cavabdır. Bu baxımdan Ermənistanla birbaşa sərhəddə olan, siyasi və strateji əhəmiyyət kəsb edən Laçın rayonuna doğma sakinlərinin qayıdışı və yenidən məskunlaşması xüsusi əhəmiyyət kəsb edir.
2023-cü il martın 28-də Prezident İlham Əliyev Laçın rayonundakı xüsusi nümayəndəsini qəbul etdi. Qəbul zamanı dövlət başçısı Laçında bərpa-yenidənqurma işləri və rayon sakinlərinin qayıdışı istiqamətində görülən tədbirlərlə əlaqədar mühüm bəyanatlar səsləndirdi. Minlərlə laçınlının bu ilin sonuna qədər öz doğma torpağına qayıdacağı Prezident İlham Əliyev tərəfindən bəyan edildi.
İlkin mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir. Eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış evlərin bərpası həyata keçirilir. Bundan əlavə, 8 çoxmərtəbəli bina inşa və ya bərpa edilir.
A.Əliyev deyib ki, əlbəttə, Laçına qayıdış işləri təkcə yaşayış evlərinin və binalarının inşası ilə məhdudlaşmır, geniş infrastruktur, sosial-mədəni və iqtisadi layihələr həyata keçirilir. Laçın beynəlxalq hava limanının inşası bu layihələr arasında xüsusi vurğulanmalıdır. Çünki çətin coğrafi şəraitdə yerləşən bu bölgədə heç vaxt hava limanı olmayıb və belə bir aeroportun tikintisi çox mürəkkəb layihədir. Hava limanından əlavə, Kəlbəcər-Laçın yolu və digər yollar inşa edilir. Laçın şəhəri ilə yanaşı, onun kəndlərinin, o cümlədən Zabux və Sus kəndlərinin yenidən qurulması işləri aparılır və 1300 nəfərdən çox sakinin ora qayıtması nəzərdə tutulur. Ümumilikdə isə, bu il və gələn il Laçın rayonuna 10 min nəfərə yaxın sakinin qayıtması planlaşdırılır.
Martın 30-da Laçından daha bir xoş xəbər aldıq. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirdi ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Bu isə Laçının və laçınlıların təhlükəsizliyi üçün önəmli bir hadisədir.
“Beləliklə, 31 mart Azərbaycanlıların Soyqırımı Günü və Prezident İlham Əliyevin Laçın rayonu üzrə xüsusi nümayəndəsini qəbul etməsi ilk baxışda bir-biri ilə əlaqədar olmayan hadisələr olsa da, mahiyyətcə üzvi surətdə bağlıdırlar. Çünki Laçının timsalında torpaqlarımızın işğaldan azad edilməsi, yenidən qurulması və oraya Böyük Qayıdışımız həm də bizə qarşı törədilmiş soyqırımı, deportasiya və enik təmizləmə cinayətlərinə qəhrəmancasına, səbirlə və sivil yolla verdiyimiz cavabdır”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

31 mart 2023-03-31 19:45:00