×
A
A
A
Sazlamalar

Polis Akademiyasında 31 Mart soyqırımının qurbanları anılıb VİDEO

Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Dövlət Himni səsləndirilib.
Polis Akademiyasının rəisi Canpolad Daanov erməni millətçilərin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini bildirib. Qeyd edib ki, bu mənfur siyasət nəticəsində on minlərlə insanın həyatına son qoyulub, soyqırımı barədə real faktlar uzun müddət təhrif olunub, gizlədilib və əsl həqiqətlər tarixi ədəbiyyatda öz əksini tapmayıb.
Soyqırımın bu illər ərzində erməni şovinizminin əsas aparıcı xəttinə çevrildiyini xatırladan Polis Akademiyasının rəisi məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra həmin cinayətkar fəaliyyətə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, Ümummilli Lider tarixi ədaləti bərpa edərək 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulayıb.
Məhz bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində bu günlə əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir.
Milli Məclisin deputatı, professor Musa Qasımlı da bildirib ki, böyük imperialist güclərin, dairələrin himayədarlığı ilə erməni millətçilər və silahlı birləşmələri tərəfindən törədilən kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə həyata keçirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib.
Sonda soyqırımı barədə real faktlar və həqiqətlərdən bəhs edən sənədli film nümayiş olunub.

Cəmiyyət 2023-03-31 18:40:00

Video