×
A
A
A
Sazlamalar

Mart soyqırımı heç zaman unudulmayacaq, xalqımızın qan yaddaşında həmişə yaşayacaq

Ağdam, 31 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

1918-ci ilin mart soyqırımı XX əsrin misli görünməmiş cinayətlərindən və Azərbaycan tarixinin ən böyük faciələrindəndir. Mart soyqırımı heç zaman unudulmayacaq, xalqımızın qan yaddaşında həmişə yaşayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağdam Rayon Heydər Əliyev Mərkəzində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbirində səsləndirilib. Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, idarə və müəssisələrin rəhbər və əməkdaşlarının iştirak etdiyi tədbirdə soyqırımı qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslərdən, 1918-ci ilin mart hadisələrinə aparan tarixi şəraitdən, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışıblar. Bildirilib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı hadisələrinin ən dəhşətlilərindən biri daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. Ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib.
Çıxışlarda xalqımıza qarşı törədilən mart soyqırımının uzun illər məqsədli şəkildə ört-basdır edilməsindən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə soyqırımına siyasi, hüquqi qiymət verilməsindən söz açılıb. Həmçinin tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il dekabrın 30-da imzaladığı Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına dair Sərəncamın əhəmiyyətindən bəhs edilib.

Regionlar 2023-03-31 18:36:00