×
A
A
A
Sazlamalar

İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan xalqının tarixindəki ən qaranlıq və ağrılı hadisələrdən biri 31 Mart soyqırımıdır. 1918-ci il martın 31-də erməni silahlı dəstələri Azərbaycan xalqına qarşı amansız bir soyqırımına başlayaraq on minlərlə dinc sakini etnik və dini mənsubiyyətinə görə qətlə yetirib. Mart hadisələri zamanı sadəcə Bakıda deyil, Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə insana qarşı etnik təmizləmə həyata keçirilib, yaşayış məntəqələri dağıdılıb, məscidlər, qəbiristanlıqlar və neçə-neçə mədəniyyət abidələri yerlə-yeksan edilib. Azərbaycan xalqına qarşı törədilən cinayətlər daha sonra Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də davam edib, erməni millətçiləri tərəfindən qətliamlar, talanlar və etnik təmizləmələr törədilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndiyev deyib.
“Əslində xalqımıza qarşı törədilən bu əməllər çox daha öncədən başlamışdı. 1813-cü ildə imzalanan Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələri ilə xalqımızın daha sonra üzləşəcəyi fəlakətlərin təməli atılmışdı. Bu müqavilələrin nəticəsi olaraq Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyuldu, daha sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirilməsi proseslərinə başlanıldı. Fərqli bölgələrdən ermənilər sistemli şəkildə Azərbaycan torpaqlarına köçürüldü. Bu tarixdən sonra “böyük Ermənistan” yaratmaq həvəsinə düşən erməni millətçiləri azərbaycanlılara qarşı kütləvi qırğınlara başladı. 1905-1907-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar bu planın bir parçası idi. Bu qırğınlar zamanı yüzlərcə yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı isə vəhşicəsinə qətlə yetirildi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra mart hadisələrinə xüsusi diqqət yetirildi. 1919-cu və 1920-ci ilin 31 Martı iki dəfə ümummilli matəm günü kimi qeyd edildi. Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün qısa olması baş verənlərin təhqiq edilməsi prosesinə və ona hüquqi-siyasi qiymət verilməsinə əngəl oldu”, - deyə T.Əfəndiyev qeyd edib.
Bildirilib ki, Sovet dövründə tarixin saxtalaşdırılması xalqımızın gerçəkləri öyrənməsinə əngəl oldu. Ancaq 90-cı illərdə müstəqilliyimizi yenidən qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamasıyla 31 Mart soyqırımına adekvat siyasi qiymət verilmiş oldu. Fərmanda 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. 31 Mart soyqırımı ilə bağlı çıxışında Ümummilli Lider Heydər Əliyev deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Son illərdə aparılan araşdırmalar sayəsində yeni faktlar və sənədlər əldə olunub. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmişdi. 2007-ci ildə aşkarlanan Quba soyqırımı məzarlığı 1918-ci il mart hadisələrinin dəhşətli mənzərəsini bu gün də gözlər önünə sərməkdədir. Məzarlıqda aparılan tədqiqat işlərinin nəticəsində müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib, 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara, qalanlarının isə əsasən yaşlı kişilərə aid olduğu müəyyənləşdirilib.
2013-cü ildə soyqırımı qurbanlarının xatirəsinə ərazidə yaradılmış kompleksin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
31 Mart soyqırımını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda üzə çıxan tarixi faktların 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə həyata keçirilən kütləvi qırğınların coğrafiyasının bilinəndən daha geniş, faciə qurbanlarının isə qat-qat çox olduğunu sübut etdiyi qeyd olunub.
İki yüz ildən uzun bir müddətdir davam edən Azərbaycan xalqını parçalama və torpaqlarını özgəninkiləşdirmə prosesi, 100 ildən artıq bir müddətdir isə Azərbaycan xalqına qarşı törədilən etnik təmizləmə siyasəti günümüzə qədər davam edib. 2020-ci ildə Vətən müharibəsi dövründə Gəncənin, Bərdənin raketlərlə vurulmasını, dinc əhaliyə qarşı cinayətkar davranışların sərgilənməsini, 1905-1907-ci kütləvi qırğınlarının, 1918-ci il mart soyqırımlarının, sovet dövründə həyata keçirilən deportasiyaların, I Qarabağ müharibəsi və daha sonrakı işğal illərində törədilən vəhşiliklərin, ekosid və vandalizmin davamı olaraq görmək mümkündür. Ancaq Vətən müharibəsində qazanılan böyük Zəfər bu mənfur siyasətə verilən ən güclü cavab oldu. Tarixi qələbə bu soyqırımı siyasətini dayandırdı və Azərbaycan xalqının dəmir iradəsini ortaya qoydu. Həyata keçirilən düzgün siyasət Azərbaycan xalqına qarşı düşmən mövqedə olanların həvəslərini ürəklərində qoydu…
31 Mart soyqırımı dünya tarixindəki insanlığa yönəlmiş amansız hadisələrdən biridir. Azərbaycan dövləti və xalqı 31 Mart soyqırımı qurbanlarının xatirəsini daim hörmətlə anır və belə hadisələrin təkrarlanmaması üçün bütün ölkələri insan hüquqlarına hörmət etməyə, bir-birinin hüquqlarına sayğılı davranmağa səsləyir. Azərbaycan bütün dünyanı erməni faşizminin iç üzünü görməyə və bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Qan yaddaşı 2023-03-31 16:33:00