×
A
A
A
Sazlamalar

Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı tarixi həqiqətlərin üzə çıxarılmasına təkan verib

Qax, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri daim düşmənlərin mənfur planlarının, vandalizm siyasətinin mərkəzində olub. Uzun illər müstəmləkə həyatı yaşamağımız, zəif və cılız düşmənlərimizin güclü havadarlarının olması bu məkrli planların reallaşmasına, iki əsr kimi böyük bir zaman kəsiyində Azərbaycan tarixinə faciələr və soyqırımı aktları ilə dolu səhifələr yazılmasına səbəb olub. Məqsəd millətimizin gözünü qorxutmaq, torpağımızı qəsb etmək, tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza sahib çıxmaq, xalqımızı yox etmək idi.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev söyləyib.
Qurum rəsmisi qeyd edib ki, törədilmiş soyqırımları arasında xüsusi qəddarlığı ilə seçilən 1918-ci ilin mart hadisələri öz miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixinin də ən qanlı faciələrindən biri hesab olunur. Azərbaycanlılara qarşı aşkar genosid həyata keçirən ermənilər Bakı da daxil olmaqla, bütün Azərbaycanı işğal etmək niyyətində idilər: “31 Mart soyqırımı tarixdə bir faciə kimi qalmaqla yanaşı, həm də xalqımızın qəhrəmanlıq səhifəsidir. Çünki qəhrəman xalqımız növbəti dəfə ermənilərin işğalçılıq siyasətinin qarşısını öz canları bahasına ala bildi. Uzun illər saxta ideoloji ehkamlar, yalan tarix nəticəsində gerçəklərdən məlumatsız olmağımıza baxmayaraq, milli ruhumuzu, qanımızda axan vətənpərvərlik hisslərini daim qoruyub saxlaya bilmişik. Məhz bu milli-mənəvi dəyərlərimizə bağlılıq, əsrlərdir millətimizə hədəflənmiş ədalətsizliklərə, soyqırımlara qarşı mübarizəmiz bizi müstəqilliyə apardı”.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandığını, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin bir-bir açıldığını vurğulayan Natiq Allahverdiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir.
YAP rayon təşkilatının sədri deyib: “Tariximizin unutdurulmaması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi sahəsində Ümummilli Liderin gördüyü işlər hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Dövlətimizin başçısının, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əvəzsiz xidmətləri və səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarda ermənilərin uydurma iddiaları ilə əsrlər boyu formalaşmış stereotiplər və yanlış siyasi yanaşmalar getdikcə dəyişir. Azərbaycan dövləti son iki yüz ildə xalqımıza qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir”.
Təşkilat sədri qeyd edib ki, 30 il ərzində donub qalmış və beynəlxalq güclərin inhisarına keçmiş Qarabağ probleminin həll olunması boş erməni xülyalarını məhv etdi. Qırx dörd günlük Vətən müharibəsinin möhtəşəm Zəfəri bütün dünyaya bir mesaj verdi: Azərbaycan əsrlərdir ona qarşı yönəlmiş erməni soyqırımları, əsassız ərazi iddiaları və ədalətsizlikləri ilə barışmayacaq. Ədalət tezliklə bərqərar olacaq!
Natiq Allahverdiyev deyib: “Millətimiz özünəməxsus dəyərləri nümayiş etdirməkdə davam edir, regionda sülhün bərqərar olunması üçün səy göstərir. Qarabağda erməni vəhşiliklərinin təmizlənməsi məqsədilə quruculuq işləri aparır. Azərbaycan bölgədə yeni reallıqlar yaradır. Prezident İlham Əliyev Qarabağı nəinki regionun, bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. Əminik ki, müstəqil, müasir, gündən-günə inkişaf edən, beynəlxalq aləmdə özünəməxsus nüfuzu olan Azərbaycan var olduqca soyqırımı qurbanlarının, Birinci Qarabağ və Vətən müharibələri, 20 Yanvar faciəsi şəhidlərinin ruhları da şad olacaq”.

Regionlar 2023-03-31 15:49:02