×
A
A
A
Sazlamalar

Botanika İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 31 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə institutun baş direktoru professor Səyyarə İbadullayeva 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımı haqqında tarixi faktlara istinad edərək faciənin dəhşətlərindən danışıb. Qeyd edilib ki, Bakı Soveti və daşnak erməni silahlı dəstələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Soyqırımı nəticəsində 50 mindən çox insan qətlə yetirilib.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardır.
S.İbadullayeva Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı Zəfərin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən professor Eldar Novruzov, biologiya elmləri doktoru Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktoru Sevil Dadaşova azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımının heç zaman qan yaddaşımızdan silinməyəcəyini bildiriblər.
Sonra 31 Mart soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Elm və təhsil 2023-03-31 15:40:00