×
A
A
A
Sazlamalar

“Aztelekom” MMC Oğuzda 2 mindən artıq ev təsərrüfatına yüksəksürətli internetə qoşulma imkanı yaradıb

Oğuz, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Aztelekom” MMC Oğuz rayonunda 2046 ev təsərrüfatına GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Hazırda 1082 abunəçi müvafiq xidmətlərdən yararlanır.
Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat katibi Alidə Mustafayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Oğuz şəhəri ərazisində GPON şəbəkəsinin tikintisi tamamlanıb. Eyni zamanda, Oğuz rayonunun Calut və Bayan kəndlərində şəbəkənin tikintisinə başlanılıb. Görülən işlər nəticəsində xidmət şəbəkəsinin genişlənməsi ilə yanaşı, göstərilən xidmətlərin keyfiyyəti də artıb.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
– internet;
– internet + telefoniya;
– internet + televiziya;
– internet + telefoniya + televiziya.
Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq, 18 AZN-dən 54 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Oğuz şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 1), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrinin də yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Regionlar 2023-03-31 14:53:59