×
A
A
A
Sazlamalar

Qanlı tariximiz - 31 Mart soyqırımı

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törətdikləri qətliam və soyqırımı aktlarının zaman-zaman təkrarlandığını bildirib. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın proqram sənəd olduğunu deyən İ.Mədətov martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü səviyyəsində tarixləşdiyini diqqətə çatdırıb.
İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı qeyd edib ki, ötən əsrin əvvəllərində imperialist dairələrin birbaşa dəstəyi, həmçinin təşkilatçılığı ilə silahlı erməni millətçiləri və daşnak birləşmələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə ağlagəlməz qətliamlar törədilib. Minlərlə soydaşımız qəddarlıqla öldürülüb. Qeyd olunub ki, Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksi inşa edilib.
Universitetin Tələbə Gənclər Təşkilatının sədri Samir Abdullayev və Tələbə Elmi Cəmiyyətinin sədri Rəşad Süleymanov isə 31 Mart soyqırımının gənc nəslin yaddaşına həkk olunmasında müvafiq tədbirlərin təşkilinin əhəmiyyətini qeyd ediblər.

Elm və təhsil 2023-03-31 14:46:00