×
A
A
A
Sazlamalar

Cəlil Xəlilov: Təəssüf ki, erməni cinayətləri bu gün də davam edir

Bakı, 31 mart, AZƏRTAC

31 Mart soyqırımı xalqımıza qarşı törədilən ən ağır cinayətlərdən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Mart soyqırımının baş verməsindən 105 illik zaman ötsə də, məlum soyqırımı bu gün də Azərbaycan xalqı tərəfindən ağrı hissi ilə anılır: “1918-ci ildə törədilən Mart soyqırımının üzərindən 105 illik zaman keçir. Ancaq XX əsrin ən qorxunc cinayətlərindən biri olan Mart soyqırımı bu gün xalqımız tərəfindən erməni faşizminin qanlı cinayətlərindən biri kimi kədər və qəzəblə anılır, erməni vəhşiliyi lənətlənir. Ermənilərin Mart soyqırımı zamanı xalqımıza qarşı törətdiyi vəhşiliklər, tətbiq etdikləri işgəncə metodları günümüzdə də öz amansızlığı ilə insanları dəhşətə gətirməkdə, onlarda ikrah hissi doğurmaqdadır.
Mart soyqırımı üçün xarakterik olan xüsusiyyətlərdən biri bu soyqırımının yalnız Bakı və Bakıətrafını deyil, bütün ölkə ərazisini əhatə etməsi ilə bağlıdır. Lənkərandan tutmuş Qubaya qədər ölkəmizin bütün iri şəhərlərində, yaşayış məntəqələrində xalqımıza qarşı soyqırımı həyata keçirən ermənilər, on minlərlə insanı qətlə yetirib, qadınlara, uşaqlara, qocalara qarşı xüsusi amansızlıq sərgiləyib.
1813-cü ilin Gülüstan, 1828-ci ilin Türkmənçay müqavilələrinə əsasən İran və Rusiyanın səyi ilə Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər, sonrakı dönəmdə yenə də öz himayədarlarının köməyi ilə xalqımıza qarşı çoxsaylı cinayətlər həyata keçirib, onları öz doğma yurdlarından sıxışdırıb çıxarmağa cəhd edib.
Təəssüflər olsun ki, 1918-ci ilin Mart soyqırımından sonra da xalqımız erməni cinayətlərinə şahid olub. Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi dönəmində ermənilər yenə də xalqımıza qarşı bir-birindən qorxunc soyqırımları həyata keçirib, minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib.
Hesab edirəm ki, bu gün də xalqımıza qarşı mina terrorunu davam etdirən Ermənistan törətdiyi cinayətlərə görə beynəlxalq birliyin və təşkilatların birgə səyi ilə hüquqi müstəvidə məsuliyyətə cəlb edilməli, törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bu, tarixi ədalətin bərpası, beynəlxalq hüququn təmini baxımından zəruridir”.

Cəmiyyət 2023-03-31 14:23:00