×
A
A
A
Sazlamalar

Qərbi Azərbaycan İcmasının sədri: Əlimizdə ermənilərin törətdiyi cinayətlərlə bağlı kifayət qədər faktlar, rəsmi sənədlər var

Quba, 31 mart, Elxan Yusifli, AZƏRTAC

Artıq bizim qarşımızda təkcə sonuncu deportasiya zamanı qovulan insanların hüquqları yox, son 200 ildə tarixi torpaqlarımızdan qovulan soydaşlarımızın hüquqlarının müdafiəsi, bu hüquqları beynəlxalq müstəviyə çıxartmaq məsələsi durur. Qərbi Azərbaycan İcması olaraq biz artıq ilk addımlarımızı atmaqdayıq. Prezidentimiz qarşımızda konkret vəzifələr qoyub. Bu vəzifələrin birincisi Qərbi Azərbaycana qayıdış konsepsiyasını hazırlamaq idi. Bu konsepsiya artıq hazırdır. İkinci əsas məsələ Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Çünki dünya ictimaiyyəti demək olar ki, Qərbi Azərbaycan həqiqətlərindən, ermənilərin həmin ərazidə 200 il ərzində xalqımıza qarşı törətdiyi faciələrdən tamamilə xəbərsizdir. Bu istiqamətdə ilk addımlar atılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qubada keçirilən “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusundakı konfransda çıxışı zamanı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.
Əziz Ələkbərli qeyd edib ki, artıq iki sənədimiz BMT-nin rəsmi sənədi kimi dünyanın 190 dövləti arasında və BMT-nin beş rəsmi dilində yayılıb. Bu, tarixdə ilk idi. Azərbaycan tarixində son 200 ildə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilmiş cinayətlər beynəlxalq müstəvidə etiraf olunaraq, qəbul edildi.
“Bizim əlimizdə ermənilərin törətdiyi cinayətlərlə bağlı kifayət qədər faktlar, rəsmi sənədlər var. SSRİ Prokurorluğunun İstintaq Komissiyasının möhürlü, imzalı sənədləri var. Ermənistan Prokurorluğunun, Ermənistan Ali Məhkəməsinin, Ermənistanın ayrı-ayrı rayonlarının prokurorluqlarının, məhkəmə orqanlarının, daxili işlər orqanlarının sənədləri var. Biz bu sənədləri Qərbi Azərbaycan İcmasında toplamışıq. Biz bu sənədləri istintaq komissiyasına təqdim edəcəyik", - deyə Əziz Ələkbərli söyləyib.

Regionlar 2023-03-31 14:11:44