×
A
A
A
Sazlamalar

Hacıqabullu gənclər 31 Mart soyqırımı qurbanlarının xatirəsini anıblar

Hacıqabul, 31 mart, Aydın Yavərzadə, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər.
Həmçinin çıxışlarda ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması işinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığı diqqətə çatdırılıb. Bildirilib ki, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu kitablar yazılıb və əcnəbi dillərə tərcümə olunub.
Sonda gənclər soyqırımı faktlarını özündə əks etdirən filmə baxıblar.

Regionlar 2023-03-31 13:44:05