×
A
A
A
Sazlamalar

Professor Gülçöhrə Məmmədova: 31 Mart soyqırımı sonrakı illərdə başqa formada həyata keçirilib

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin, soyqırımı qurbanlarının və qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Tədbirdə çıxış edən universitetin rektoru professor Gülçöhrə Məmmədova 31 Mart soyqırımının tarixi, siyasi və ideoloji aspektlərindən danışıb, XX əsrin əvvəllərindən başlayaraq, xüsusilə 1918-ci ildə erməni daşnaklarının xalqımıza qarşı kütləvi qırğınlar törətdiyinə, yaşayış məntəqələrini, məscidləri, tarix və mədəniyyət abidələrini yerlə-yeksan etdiyinə diqqət çəkib. Rektor bildirib ki, bu siyasət sonrakı illərdə, xüsusilə 1948-1953-cü illərdə də başqa formada həyata keçirilib və bununla azərbaycanlıların tarixi torpaqlarındakı izlərinin silinməsinə cəhd edilib. Mənfur düşmənin havadarları ilə birgə 100 ildən bəri davam etdirdiyi işğal, deportasiya və soyqırımı siyasətinə 44 günlük Vətən müharibəsi ilə ağır zərbə vuruldu: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Qələbəsi nəticəsində tarixi ədalət bərpa olundu və xalqımız “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlarına qayıdır. Bununla belə, biz keçmişi, düşmənin məkrli siyasətini unutmamalıyıq və dövlətimizə qarşı olan təhdidləri doğru analiz edib, bir yumruq kimi birləşməyə davam etməliyik”.
Gülçöhrə Məmmədova əlavə edib ki, yüksək qabiliyyətli milli kadrların yetişməsi üçün tarixi keçmişimizin öyrənilməsi vacibdir və AzMİU-da bununla bağlı müxtəlif layihələr, proqramlar icra edilir, tədbirlər keçirilir.
Sonra Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən hazırlanan “31 Mart soyqırımı” filmi izlənilib. Filimdə azərbaycanlıların soyqırımı ilə bağlı arxiv materialları, tarixi faktlar, eləcə də alimlərin, ekspertlərin şərhləri yer alıb.

Elm və təhsil 2023-03-31 12:51:00