×
A
A
A
Sazlamalar

Tikanlarla əhatə olunmuş qanqalın şirəli özəyi və şəfalı toxumları

Bakı, 31 mart, AZƏRTAC

Yazın əvvəlində yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən ala qanqalın şirəli özəyini böyükdən kiçiyə hamı xoşlayır. Onu dibindən kəsib, bıçaqla tikanlarını təmizlədikdən sonra qabığını soyub yeyirlər. O qədər də dadlı olmasa da, çox faydalıdır. Xalq təbabətində qanqal çox geniş istifadə olunur.
AZƏRTAC xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə deyib: “Alaqanqalda zəngin silimarin maddəsi var. Silimarin həm də alaqanqalın yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığına və öd qatılığına da faydalıdır. Öd və qaraciyərdən qaynaqlanan dəri ləkələri zamanı qanqal yeyilməsi məsləhət görülür. Vitamin və minerallarla zəngin olduğuna və yeni qan yaratdığına görə uşaqların da yeməsi xeyirlidir. Bundan başqa qanqal böyrəkləri təmizləyir, böyrək daşları və sidik kisəsi iltihabı zamanı böyük fayda verir”.
Ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı qanqaldan müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ və müalicəvi toz hazırlanır. Bitkinin ən xeyirli hissəsi onun toxumlarıdır. Qanqal orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir, artıq mayeni xaric edir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır.
Həkim-fitoterapevt bitkidən istifadə ilə əlaqədar reseptlər də deyib: “Qanqalın toxumları yığılır, qəhvəüyüdən maşında, yaxud həvəngdəstədə döyülərək toz halına salınır. Gündə 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu 1 ay aparılandan sonra 1 ay fasilə verilir və yenidən 1 ay təkrar edilir.
Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir, süzülür, nahardan və axşam yatmazdan əvvəl yarım stəkan qəbul edilir. Dəmləmə aterosklerozla mübarizəyə kömək edir, mədə-bağırsaq, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə, həmçinin qaraciyəri yaxşı təmizləyir, öddə olan durğunluğu aradan qaldırır”.

Sağlamlıq klubu 2023-03-31 11:04:00