×
A
A
A
Sazlamalar

COVID-19 ilə bağlı məhdudiyyətlərin ləğv edilməsindən sonra Azərbaycana turlara tələbat artır

Moskva, 30 mart, AZƏRTAC

Rusiya Turizm Operatorları Assosiasiyası (RTOA) COVID-19 ilə bağlı məhdudiyyətlərin ləğv edilməsindən sonra Azərbaycana turlara tələbatın artdığını qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Assosiasiyanın məlumatında deyilir.
“Vedi qrup” turoperatorunun məlumatına görə, məhdudiyyətlərin aradan qaldırılması elan edildikdən sonra ilk gündə bronlaşmanın sayı ümumi aylıq göstəricinin 75 faizini təşkil edib. Sorğuların çox hissəsi may ayı bayramlarına təsadüf edir və turistlər Azərbaycana ekskursiya səfərləri ilə maraqlanırlar.
“Coral Travel” turoperatorunun daxili bazar üzrə direktoru Alyona Qromova vurğulayır ki, Azərbaycan dolğun ekskursiya və qastronomik komponentinə görə hər zaman populyar olub, buna görə də may ayı bayramlarında bu istiqamətə tələbat çox böyük olacaq.
Ekspertlər xatırladırlar ki, aprelin sonunda Azərbaycan paytaxtında “Formula-1” yarışının mərhələsi keçəcək. Bununla bağlı yerləşdirmə qiymətləri daha yüksək, otellərdə yerlər isə həmişəkindən daha az olacaq.
Turizm bazarının iştirakçıları bir fikirdə həmrəydirlər ki, Azərbaycan ilə Rusiya arasında quru sərhədlərinin açılması turistlərin tələbatı və logistikasına çox təsir etməyəcək; səyahət edənlərin 90 faizdən çoxu Azərbaycana məhz avianəqliyyat vasitəsilə gəlir.
“BSI Group” vurğulayır ki, Rusiyadan olan qonaqlar Azərbaycanda hər zaman səmimi qarşılanıb. “Bakı istirahət üçün əlverişli şəhərdir, burada gəzməli və baxmalı yerlər, gözəl qastronomiya var. Bu il daha bir amil - alış-veriş də əlavə olunub. Azərbaycanın paytaxtında brend dükanlar və ticarət mərkəzlərində çox böyük seçim var”, – deyə şirkətdə qeyd edirlər.
"BSI Group” ekspertlərinin fikrincə, Azərbaycana çimərlik mövsümündə də tələbat artacaq, çünki ölkədə gözəl keyfiyyətli otellər və yüksək səviyyəli xidmət var. Rusiyalı turistlər çox böyük həvəslə Azərbaycanda ekskursiya tətilini Xəzərin sahilində çimərlik istirahəti ilə birləşdirirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Turizm 2023-03-30 17:24:00