×
A
A
A
Sazlamalar

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının laboratoriyası müasir avadanlıqlarla təchiz edilib

Bakı, 30 mart, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Klinik laboratoriyası yeni tibbi avadanlıqlarla təchiz edilib.
AZƏRTAC Şirvan Şəhər Mərkəzi Xəstəxanasına istinadla bildirir ki, laboratoriya Cobas 411 hormon, Cobas 311 biokimya, tam avtomatlaşdırılmış koaijlu qramma, Sysuex-1000 avadanlıqlarla təmin olunub.
Laboratoriyanın fəaliyyəti preanalitik, analitik və postanalitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazırolma müddəti dəfələrlə qısaldılıb. Bütün analizatorlar “E-Təbib“ proqram təminatına, eyni zamanda kodlaşdırılan test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.
Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə daxil olan 600-dək laborator xidməti ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisəsinin qeydiyyat şöbəsinə gəlməklə və ya onlayn şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı (www.its.gov.az) vasitəsilə əldə edəcəklər. Gələcəkdə laboratoriyada daha geniş analizlərin olunması nəzərdə tutulub.
Qeyd edilib ki, xəstəxanada layihə çərçivəsində davamlı tibbi təhsil proqramı da tətbiq edilir. Proqrama uyğun olaraq laboratoriyaların həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilir.

Səhiyyə 2023-03-30 10:46:00