×
A
A
A
Sazlamalar

Şirvanda əmək yarmarkası təşkil olunub

Şirvan, 29 mart, Aydın Yavərzadə, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşəbbüsü və Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şirvan şəhərində əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan şəhər Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında təşkil olunan yarmarkada müasir müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında dövlətimizin başçısının rəhbərliyi ilə Məşğulluq Agentliyinin fəaliyyətinin genişləndirilməsi, vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə Dövlət proqramlarının həyata keçirilməsindən danışıb. Əmək yarmarkasının işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədilə təşkil olunduğu vurğulanıb.
Sonra Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alısoy Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verib.
Daha sonra tədbir iştirakçıları əmək yarmarkasında təklif olunan iş yerləri ilə tanış olublar. Yarmarkada işaxtaranlara 10 işəgötürən tərəfindən ümumilikdə 123 vakant iş yeri təklif olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

Regionlar 2023-03-29 22:03:00