×
A
A
A
Sazlamalar

İdxal olunan bitkiçilik məhsullarındakı uyğunsuzluqlarla bağlı sahibkarlara xəbərdarlıq edilib

Bakı, 29 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 2023-cü ilin müvafiq dövrü ərzində idxal olunan bitkiçilik məhsullarında aşkarlanmış uyğunsuzluqlarla əlaqədar idxalçı ölkələrə rəsmi qaydada 236 bildiriş göndərilib.
Aşkar olunmuş uyğunsuzluqlardan 130-u İran, 45-i Belarus, 44-ü Rusiya, 10-u Türkiyə, 2-si Gürcüstan, 2-si Ukrayna, 1-i İspaniya, 1-i Niderland, 1-i isə Pakistanın payına düşür.
Mövcud vəziyyətlə əlaqədar ölkəmizə idxal olunan bitkiçilik məhsulları üzərində nəzarət tədbirləri daha da gücləndirilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.
Qeyd edilir ki, son vaxtlar Belarusdan ölkəmizə idxal olunan ərzaqlıq kartof məhsullarından təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında 45 halda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkarlanıb. Bu barədə Belarusun müvafiq qurumlarına rəsmi qaydada bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib. Həmçinin İrandan idxal edilən portağal, kivi, sarımsaq, ərzaqlıq kartof, naringi və bibər məhsulu partiyalarında ümumilikdə 130 halda (onlardan 62-si təkcə portağal məhsulunda) karantin tətbiq edilən zərərli orqanizmlər - sitrus tristeza virusu, qonur qırışıqlıq virusu, tut qalxanlı yastıcası, gövdə nematodu, kartofun qonur çürüməsi və kartofun halqavari çürüməsi virusları aşkarlanıb. Aşkar olunmuş uyğunsuzluqlarla əlaqədar İrana rəsmi qaydada bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumatların verilməsi bildirilib.
Agentlik bitkiçilik məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, bu sahədə ölkəmizin idxal tələblərini və beynəlxalq ticarət tələblərini nəzərə alaraq fəaliyyətlərini həyata keçirməlidirlər.
Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş məhsulların idxalını təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri həmin məhsullarla təmin edən xarici şirkətlərin bu kimi fəaliyyətləri ölkəmizdə bitki sağlamlığının təmin olunması üçün ciddi təhlükə yaradır. Agentlik ölkəmizə karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş bitkiçilik məhsullarının idxalını təkrar-təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri həmin məhsullarla təmin edən xarici şirkətlərə xəbərdarlıq edərək bildirir ki, bu kimi hallar təkrarən aşkarlandığı təqdirdə, həmin ölkələrdən bu məhsulların idxalına məhdudiyyət tətbiq ediləcək və qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.

Sağlamlıq klubu 2023-03-29 20:29:00