×
A
A
A
Sazlamalar

Bakıda “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılışı olub

Bakı, 29 mart, AZƏRTAC
Azərbaycanın Milli İncəsənət Muzeyində “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ölkəmizdə akkreditə olunmuş səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min tədbiri açaraq qeyd edib ki, sərgi Çin və Azərbaycan arasında dostluq əlaqələrini nümayiş etdirir: “İki ölkənin rəhbərlərinin qətiyyətli addımları sayəsində Çin və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Sərginin məqsədlərindən biri də iki müxtəlif mədəniyyətlər arasında körpünün qurulmasıdır”.
Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev bu layihənin ideyasından danışıb. O vurğulayıb ki, bu sərgi iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, iki xalqın mədəniyyətinin təbliği və tanınmasına əvəzolunmaz töhfə verəcək. Azərbaycan və Çin arasında əsrlər boyu qurulan iqtisadi, mədəni dostluq münasibətləri davamlı və möhkəm olacaq.
Daha sonra konsert proqramı təqdim edilib.
Sərginin kuratoru və ideya müəllifi olan Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev sərginin konsepsiyasını “muzey salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması” kimi müəyyən edib. Burada eksponatlar Çin ailəsinin həyat və ənənəvi məişətinin orijinal obyektləri kimi görünür.
Çin mədəniyyəti haqlı olaraq planetdə ən qədim mədəniyyətlərdən biri hesab olunur, burada dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşü formalaşdırılıb. “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlardan ibarət kolleksiya deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və ənənələrinə bələd olmasıdır.
Layihənin koordinatoru Könül Rəfiyeva sərginin əhəmiyyətindən danışıb və ekspozisiyası barədə məlumat verib. Bildirib ki, ekspozisiyada qədim tanrıların və müdriklərin heykəlcikləri, Çin mənzərələri olan tekstil məmulatları, xəttatlıq pannoları, otaq bitkiləri, çini vazalar, oyma taxta mebellər, Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyan və evdə sülh və əmin-amanlığın rəmzi olan divar rəsmləri və xəttatlıq nümunələri yer alıb. Vurğulanıb ki, “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həm də Çin və onun tarixinin mədəni irsi barədə daha çox öyrənmək istəyən hər kəs üçün maraq doğurur.
Sonra qonaqlar sərgiyə baxıblar.
Sərgi bir neçə ay davam edəcək.

Mədəniyyət 2023-03-29 18:58:00