×
A
A
A
Sazlamalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib

Bakı, 29 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 9 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seçkinin təşkili məqsədilə nazirlikdə 9 nəfərdən (nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə əlaqədar elan verilib.
İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 16 nəfərin namizədliyi təsdiq edilib.
Səsvermədə iştirak üçün qeydiyyata alınmış 142 nəfər qeyri-hökumət təşkilatı və kütləvi informasiya vasitələri nümayəndəsinin iştirakı ilə şəffaf şəkildə keçirilən seçkinin nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın aşağıdakı QHT nümayəndələrindən ibarət 9 nəfərlik yeni tərkibi seçilib:
Səsvermənin nəticələrinə əsasən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini Elşad Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Qasımov, “İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“ İctimai Birliyinin sədri Ramilə Mahmudova, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və “Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyinin üzvü Aslan Əzimzadə İctimai şuranın üzvləri seçiliblər.
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şura nazirliyin fəaliyyətində ictimai iştirakçılığı, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını və ictimai nəzarəti təmin edir.
Həmin Qanuna əsasən şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları tərəfindən şuranın yeni tərkibi seçilir.

Sosial 2023-03-29 18:39:00